"Artıq bu məsələdə əsas rolu HƏMAS-ın hansı mövqe tutacağı deyil, beynəlxalq aləmin İsrailə təzyiqləri oynayır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu HƏMAS-ın İsraillə münaqişənin hərtərəfli həllini nəzərdə tutan geniş paketli danışıqlara hazır olduğu barədə bəyanatını şərh edərkən deyib.
Kənan Rövşənoğlu bildirib ki, HƏMAS əslində daha əvvəldən kompleks danışıqların aparılması və Qəzza zolağında müharibənin dayandırılması üçün bütün şərtlərin masaya qoyulmasını təklif edib:
"İndi isə danışıqlar fakitki olaraq dayanıb. HƏMAS-ın əlində girovlar var, onların bir qismi hələ də sağdır. Lakin indi beynəlxalq aləm, hətta İsrailin qatı dəstəkçiləri olan dövlətlər belə ona Qəzzada mühairbəni dayandırmaq üçün təzyiqlər edir".
Ekspert qeyd edib ki, Benyamin Netanyahu hökuməti müharibəni indiki şərtlər daxilində dayandırmaq istəmir:
"Xüsusən də İsrail HƏMAS-ı ciddiyə almır. İsrail hakimiyyəti Qəzzanı tam nəzarətə götürmək, silahlı qruplara son qoymaq və mümkün olsa, Qəzza əhalisinin ən azı yarısını köçürmək istəyir. Ehtimal ki, Tramp administrasiyası bunun üçün Netanyahuya "yaşıl işıq" yandırıb. Lakin xarici təzyiqlər, habelə ölkə daxilində müxalifət və eləcə də girov yaxınları Netanyahuya təzyiq edərək razılaşmaya getməyi tələb edir".
Həmsöhbətimiz deyir ki, HƏMAS da bunu bildiyindən son kartından istifadə edir:
"Netanyahu hökuməti HƏMAS-ın fəaliyyətinə son qoyub, Qəzzanı tam ələ keçirmək istəyir. Ancaq dediyim kimi, daxildə və xaricdə ciddi təzyiqlə üz-üzədir. Fikrimcə, Netayahu növbəti dəfə daxili və xarici təzyiqləri neytrallaşdırıb, Qəzzada əməliyyata başlamağa çalışır. Güman ki, buna da nail olacaq".
Qeyd edək ki, "The National" qəzetində dərc olunan materiala görə, HƏMAS İsraillə münaqişənin hərtərəfli həlli və bütün israilli girovların azad edilməsi ilə bağlı geniş paketli danışıqlara daxil olmağa hazır olduğunu bəyan edib. HƏMAS Siyasi Bürosunun sədri Xəlil əl Hayya bildirib ki, qrup artıq qismən sazişlərlə kifayətlənmək niyyətində deyil və hüquqi olaraq möhkəm əsası olan, son nəticəyə qədər davam edəcək danışıqlar tələb edir. O əlavə edib ki, bu paketə müharibənin sona çatdırılması, bütün girovların buraxılması, məhbus mübadiləsi və Qəzzanın bərpası daxildir.
Rüfət Sultan
Şərhlər