Xəbər lenti

Hadrian divarının arxasındakı gizli faciə: Roma əsgərləri yalnız düşmənlə vuruşmayıb
Dünya 23:33 22.12.2025

Hadrian divarının arxasındakı gizli faciə: Roma əsgərləri yalnız düşmənlə vuruşmayıb

Roma İmperiyasının ən ucqar sərhədlərində xidmət edən əsgərlərin yeganə problemi müharibə olmayıb. Vindolanda qalasındakı qədim kanalizasiya sistemlərində aparılan tədqiqatlar, legionerlərin həyatını kabusa çevirən, onları halsız edən və tibbin də çarəsiz qaldığı o narahat həqiqəti üzə çıxarıb.

Qaynarinfo xəbər verir ki, Roma İmperiyasının ən ucqar sərhədlərindəki əsgərlərdən danışarkən, əksər hallarda möhtəşəm zirehlər və qəhrəmanlıq hekayələri təsəvvür edilir. Lakin Britaniyanın yağışlı təpələrində, Hadrian Divarını qoruyan əsgərlər üçün gerçəklik bundan çox daha az təsirli və daha əzablı olub.

Məşhur şair Uisten Hia Auden "Roman Wall Blues" poemasında bu əsgərlərin soyuqdan qızaran burunlarından və tuniklərinə doluşan bitlərdən bəhs edir. Görünür, Audenin bu kədərli siyahısına indi daha bir narahatedici detal əlavə olunur: bitmək bilməyən ürəkbulanma və şiddətli ishal hallar.

"Parasitology" jurnalında dərc olunan yeni bir araşdırma, Hadrian Divarının cənubunda yerləşən Vindolanda qalasında xidmət edən Roma əsgərlərinin düşünülənin əksinə, gigiyena baxımından ciddi sınaqdan keçdiyini göstərir. Kanalizasiya tullantılarının üzərində aparılan analizlər, imperiyanın məşhur hamamlarının və inkişaf etmiş kanalizasiya sistemlərinin əsgərləri "dəvət olunmamış qonaqlardan” qorumağa yetmədiyini sübut edir. Qalanın tullantı sularından götürülən nümunələr, əsgərlərin bədənlərinin yalnız xaricdən deyil, daxildən də hücuma məruz qaldığını ortaya qoyub.

Vindolanda antik dövrdən qalmış dəri ayaqqabılar və əl yazmaları kimi üzvi qalıqların son dərəcə yaxşı qorunduğu bir ərazi kimi tanınır. 2025-ci ilin dekabrında nəticələri paylaşılmış bu tədqiqatda alimlər, qaladakı hamamdan vadinin aşağısına axan əsas kanalizasiya kanalındakı çökmələri araşdırıblar. Nəticələr olduqca təsir edicidir: araşdırılan nümunələrin təxminən 28%-ində qurd və yuvarlaq qurdu kimi bağırsaq parazitlərinin yumurtalarına rast gəlinib. Daha da pis tərəfi odur ki, inkişaf etmiş molekulyar metodlarla aparılan testlər, günümüzdə də mədə krampları və halsızlıqla özünü göstərən "Giardia” adlı mikroskopik parazitin izlərini üzə çıxarıb.

Bu parazitlərin mövcudluğu, Roma ordusunun intizamlı strukturuna baxmayaraq, sərhədlərdə gigiyena idarəsinin nə qədər yetərsiz olduğunu göstərir. Parazitlər adətən çirkli əllər, kontaminasiya olmuş qidalar və ya təmizlənməmiş su vasitəsilə yayılır. Mütəxəssislərə görə, Roma həkimləri bu qurdların fərqində idilər, lakin mövcud tibbi imkanlar infeksiyanı tamamilə aradan qaldırmaq üçün kifayət etməyib. Bu da əsgərlərin aylarla, hətta illərlə xroniki yorğunluq, natamam qidalanma və ishal hücumları ilə mübarizə apardıqları anlamına gəlir.

Beləliklə, Roma İmperiyasının şimal sərhədi yalnız döyüşən qəbilələrə qarşı deyil, həm də görünməz mikroorqanizmlərə qarşı yorucu bir sağ qalma mübarizəsinə şahid olmuş kimi görünür.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->