Çin hökuməti Çexiya prezidenti Petr Pavelin 14-cü Dalay Lama ilə görüşünə cavab olaraq Çexiya lideri ilə bütün əlaqələri kəsmək qərarına gəlib.
Qaynarinfo Çin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu nazirliyin sözçüsü Lin Cian deyib.
"Dəfələrlə etirazlara və Çinin güclü müqavimətinə baxmayaraq, Çexiya prezidenti Petr Pavel Dalay Lama ilə görüşmək üçün Hindistana səfər edib. Bu, Çexiya hökumətinin Çin tərəfi qarşısında götürdüyü siyasi öhdəliklərə ciddi şəkildə ziddir və Çinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir", deyə sözçü bildirib.
Onun sözlərinə görə, Pekin Çexiya prezidentinin belə bir addımını qətiyyətlə pisləyib və onun Tibetin ruhani lideri ilə görüşünə görə Çexiya tərəfinə öz etirazını bildirib:
"Pavelin təxribatçı hərəkətlərinin ciddiliyini nəzərə alaraq, Çin hökuməti onunla bütün əlaqələri dayandırmaq qərarına gəlib", deyə diplomat bildirib.
İyulun sonunda Yaponiyaya səfərini başa vurduqdan sonra Çexiya prezidenti Hindistana şəxsi səfər edib və iyulun 27-də 14-cü Dalay Lama ilə görüşüb, Tibetin ruhani liderini bu yaxınlarda 90 illik yubileyi münasibətilə təbrik edib.
Çin Kommunist Partiyası 1959-cu ildə Tibetdə Çin hakimiyyətinə qarşı uğursuz üsyandan sonra Hindistana mühacirət edən və orada sürgündə olan Tibet hökuməti quran 14-cü Dalay Lamanı separatçı və Çinin düşməni hesab edir.
Aydın
Şərhlər