Xəbər lenti

Cey Di Vens Ukrayna üzrə danışıqların yeni detallarını açıqladı
Dünya 16:14 22.12.2025

Cey Di Vens Ukrayna üzrə danışıqların yeni detallarını açıqladı

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukrayna üzrə sülh danışıqlarında "irəliləyiş” olduğunu bəyan edib, lakin eyni zamanda sülh razılaşmasının mümkün olub-olmadığını hələ də qətiyyətlə deyə bilmədiyini vurğulayıb. 

Qaynarinfo xəbər verir ki, o, "UnHerd” nəşrinə verdiyi müsahibədə danışıqlarda əsas problemli məqamları da açıqlayıb.

Vens bildirib ki, danışıqlarda iştirak edən şəxslərdən yenilənmiş məlumatlar alıb və qeyd edib ki, "irəliləyiş ondan ibarətdir ki, artıq bütün məsələlər açıq şəkildə müzakirə olunur”.

"Son bir-iki həftə ərzində həm ukraynalılar, həm də ruslar tərəfindən gördüyümüz əsas məqam odur ki, nəyin müzakirə mövzusu olmadığı, nəyin isə müzakirə oluna biləcəyi ilə bağlı real anlayış formalaşıb”, – deyə o bildirib.

Bununla belə, danışıqlarda müəyyən irəliləyişin olduğunu desə də, sülhün əldə olunması ehtimalı ilə bağlı suala qeyri-müəyyən cavab verib:
"Bu gün burada oturaraq əminliklə deyə bilmərəm ki, biz mütləq sülh razılaşmasına gələcəyik. Düşünürəm ki, buna nail olma ehtimalı da böyükdür, alınmama ehtimalı da”.

Vens qeyd edib ki, Rusiya Donetsk vilayəti üzərində ərazi nəzarəti istəyir, ukraynalılar isə bunu ciddi təhlükəsizlik problemi kimi qiymətləndirirlər.

Onun sözlərinə görə, Ukrayna nümayəndələri "qapalı müzakirələrdə etiraf edirlər ki, sonda Donetsk vilayətini itirə bilərlər – amma bu "sonda” anlayışı var: bu, 12 ay sonra da ola bilər, daha gec də”.

"Məhz buna görə ərazi güzəşti məsələsi danışıqlar yolunda əsas maneələrdən biri olaraq qalır”, – deyə Vens vurğulayıb.

Vens bildirib ki, müzakirə olunan mövzular sırasında Zaporojye Atom Elektrik Stansiyasına nəzarət, işğal olunmuş ərazilərdə yaşayan ukraynalıların statusu və Ukraynanın bərpası məsələləri də qalmaqdadır.

"[Zaporojye] AES-ə kim nəzarət edəcək? Birgə idarəetmə mümkündürmü? Yoxsa stansiya bir və ya bir neçə tərəfin nəzarətində olmalıdır? Ukraynada qalan etnik rusların taleyi necə olacaq? Rusiyada yaşayan etnik ukraynalıların aqibəti nə olacaq? Hazırda Rusiya tərəfindən işğal olunmuş ərazilərdə yaşayan, amma Ukraynada yaşamaq istəyən ukraynalılar necə olacaq?” – deyə Vens sadalayıb.

Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Floridada ukraynalılarla keçirilən danışıqları şərh edərək bildirib ki, əsas diqqət dörd əsas sənədə yönəlib:

– 20 maddəlik planın daha da təkmilləşdirilməsi,
– təhlükəsizlik zəmanətləri üzrə mövqelərin razılaşdırılması (xüsusilə ABŞ tərəfindən),
– iqtisadi inkişaf və rifah planının işlənməsi.

Bu arada Kremlin xüsusi nümayəndəsi Kiril Dmitriyev Mayamiyə səfərindən sonra heç bir şərh verməyib, lakin növbəti görüşün Moskvada keçirilməli olduğunu bildirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->