Böyük Britaniya və Almaniya birgə şəkildə 2000 kilometrdən artıq uzaqlığa malik, yüksək dəqiqlikli yeni zərbə silahı hazırlayacaqlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” Britaniyanın müdafiə naziri Con Giliyə istinadla
yazır.
Nəşr qeyd edir ki, bu layihə ötən il iki ölkə arasında imzalanmış ikitərəfli müdafiə paktına əsaslanır. Həmin sənəddə Ukraynada müharibənin istənilən formada gərginləşməsi fonunda Avropanın özünü müdafiə edə bilməsinin zəruriliyi vurğulanmışdı.
Məlumata görə, Con Gili və Almaniyanın müdafiə naziri Boris Pistorius uzaqmənzilli silah layihəsini Berlində keçiriləcək görüşdə rəsmi olaraq elan edəcəklər.
"Daha təhlükəli bir dünyada NATO və Avropa müttəfiqləri bir-birinə sıx bağlıdır”, - britaniyalı nazir deyib.
O əlavə edib ki, "bu tərəfdaşlıq müdafiəni iqtisadi artımın mühərrikinə çevirir – iş yerləri yaradır, peşə bacarıqlarını artırır və Britaniya ilə Almaniyaya investisiyalar cəlb edir”.
Layihə ilə bağlı konkret vaxt cədvəli və büdcə detalları açıqlanmayıb.
Gözlənilir ki, görüş zamanı nazirlər dəniz patrul və kəşfiyyat təyyarələri üçün torpedo alışını müzakirə edəcəklər, həmçinin Almaniyanın Britaniyada istehsal edilən hərbi körpülər alması ilə bağlı razılaşmanı elan edəcəklər.
Alpər
Şərhlər