Xəbər lenti

Azərbaycanlı tələbələrin 237 min 489 manat investisiya alan startapları
Ekonomiks 10:07 16.05.2025

Azərbaycanlı tələbələrin 237 min 489 manat investisiya alan startapları

Azərbaycanlı tələbələrin "Agroficient” adlı layihəsi "Startupbootcamp” akselerasiya proqramına seçilən 30 startapdan biri olub və 25,000 avro investisiya əldə edib. Layihə daha əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) keçirdiyi 3-cü qrant müsabiqəsinin qalibi olub və 19,900 manat məbləğində maliyyə dəstəyi qazanıb. Britaniyada keçirilən təlimlərdən sonra Azərbaycana qayıdan komanda ilk kommersiya fəaliyyətini həyata keçirərək 2 fermerə ümumilikdə 120 kq məhsul satıb.


Layihənin təsisçiləri Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Emil Hüseynli və Malik Sultanovdur. Elmi rəhbəri isə BANM-ın İnnovasiya və Tədqiqatlar Mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadədir.


Layihənin təsisçiləri Valyuta.az-a layihələri ilə bağlı danışıblar.


Emil Hüseynli startaplara marağının universitetin ikinci kursundan başladığını və bu sahədə ilk addımlarını atmağa çalışdığını bildirib. "Agroficient” ilk real nəticə əldə etdiyi startap olub. Bundan əvvəl təhsil sahəsi üzrə də bir neçə startap təşəbbüsü olsa da, həmin layihələr müxtəlif səbəblərdən davam etdirilməyib.

"Agroficient” Malik Sultanovun isə ilk startap təcrübəsidir. Universitetə daxil olduqdan sonra BANM-ın İnnovasiya və Tədqiqatlar şöbəsinin fəaliyyəti diqqətini çəkib və daim bu tədbirlərdə iştirak edib. Bu da onun startaplara marağının yaranmasına səbəb olub.


- "Agroficient” layihəsinin ideyası necə yarandı?


Emil Hüseynli: Bu layihə üzərində biz bir qrup universitet tələbəsi olaraq "Enactus” müsabiqəsi üçün çalışmışıq və layihəmiz geniş maraqla qarşılanıb. Lakin ilkin mərhələdə hazırladığımız məhsul praktik olaraq effektiv işləmədiyi üçün layihə yekunlaşdıqdan sonra komanda üzvü Maliklə birlikdə tədqiqatlara davam etdik. Məqsədimiz daha funksional və effektiv hidrogel hazırlamaq və layihəni inkişaf etdirmək idi.


Malik Sultanov: "Agroficient" - bioloji parçalana bilən, su ilə təmasda olduqda onu süngər kimi özünə çəkə bilən hidrogellərin istehsalı və satışı ilə məşğul olan bir startapdır. Bu hidrogellərin tətbiqi fermerlərə suya qənaət etməklə bərabər, daha yüksək məhsuldarlıq və gəlir əldə etməyə imkan verir. Eyni zamanda, bu məhsullar ekoloji baxımdan da təbiətə müsbət təsir göstərir.


Qeyd etmək lazımdır ki, istifadə etdiyimiz hidrogellər torpaq üçün tam təhlükəsizdir. Onların təqribən bir illik ömrü başa çatdıqdan sonra torpaqda parçalanaraq minerallara çevrilir və ətraf mühitdə heç bir zərərli iz buraxmır.



- İdeyanız formalaşanda kimlərlə məsləhətləşdiniz? Hər hansı mentor və ya dəstək aldığınız şəxslər oldumu?


Emil Hüseynli: Layihənin ilkin mərhələsindən bu günə qədər Bakı Ali Neft Məktəbinin əməkdaşı Elmar Əsgərzadə bizə daim dəstək göstərib. Eyni zamanda, hidrogelin hazırlanması və texnoloji inkişafı sahəsində Neft-Kimya İnstitutunun alimlərindən biri, Dr.Şəfiqə Nəsibova ilə birgə əməkdaşlıq etmişik.


Malik Sultanov: Eyni zamanda, biz Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda iştirak etdik, bu tədbirlər çərçivəsində bir çox fermerlərlə əlaqələr quraraq məhsulumuza maraq göstərən potensial istifadəçilərlə tanış olduq. Layihəmiz Kənd Təsərrüfatı Nazirliyinin diqqətini cəlb etmiş və nazirin özü ilə görüşərək ideyamızı ona təqdim etmək imkanı əldə etdik.


- Layihəyə nə vaxt başlamısınız və bu günə qədər hansı mərhələyə çatmısınız?


Emil Hüseynli: "Agroficient" ideyası ilk dəfə 2022-ci ildə keçirilən "Enactus” müsabiqəsi çərçivəsində formalaşıb və biz yerli finalda 3-cü yerə layiq görüldük. Bu nəticəyə baxmayaraq, fəaliyyətimizi dayandırmadıq, layihəni daha da inkişaf etdirmək istiqamətində işlərimizi davam etdirdik. 2023-cü ilin mart ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) keçirdiyi 3-cü qrant müsabiqəsinin qalibi olaraq 19,900 manat məbləğində maliyyə dəstəyi qazandıq. Sonra HULT Prize Lisbon Sammitində qalib gələrək Qlobal Akselerasiyasında iştirak edən ilk azərbaycanlılar olduq. Həmçinin BAKU ID tədbirində 100 000 ABŞ dolları məbləğində investisiya qazanmağa nail olduq. Bu qrant layihəmizin inkişafında mühüm rol oynadı. Eyni zamanda, KOBİA tərəfindən vergidən azadolma sertifikatı əldə etdik.



Sonrakı mərhələlərdə bir sıra akselerasiya proqramlarında iştirak etdik. 2024-cü ilin mart ayında ABŞ Dövlət Departamentinin dəstəyi ilə həyata keçirilən "GIST Innovates South Caucasus” akselerasiya proqramında final mərhələsinə keçən 10 komandadan biri olduq. 2024-cü ilin iyun ayında isə beynəlxalq səviyyədə keçirilən Hult Prize yarışmasının Lissabon Sammitində birinci yerə layiq görülərək, Böyük Britaniyada keçirilən qlobal akselerasiya mərhələsinə qatılan ilk azərbaycanlı startap olduq.


Malik Sultanov: Qlobal mentorların dəstəyi ilə Britaniyadakı təlimlərdən sonra Azərbaycana qayıdaraq ilk kommersiya fəaliyyətimizi həyata keçirdik və 2 fermerə ümumilikdə 120 kq məhsul satdıq. Hazırda isə dünya miqyasında keçirilən çətin seçim mərhələlərindən uğurla keçərək, "Startupbootcamp” akselerasiya proqramına seçilən 30 startapdan biri olub və 25,000 avro investisiya əldə etdik. Qarşımızda böyük hədəflər var və biz bu hədəflərə çatmaq üçün bütün gücümüzlə çalışırıq.


- 25,000 avro investisiya qazanmısınız. Bu vəsaiti hansı məqsədlərləistifadə etməyi planlaşdırırsınız?


Emil Hüseynli: Əldə etdiyimiz bu investisiyanı layihəmizin növbəti inkişaf mərhələsi üçün istifadə etməyi planlaşdırırıq. Daha əvvəl qazandığımız qrant hesabına məhsulumuzu indiki mərhələyə qədər inkişaf etdirdik. İndi isə bu yeni maliyyə dəstəyi sayəsində fəaliyyətimizi daha geniş miqyasda həyata keçirməyi, məhsul istehsalını artırmağı və daha böyük investisiyaların cəlb olunması üçün strateji addımlar atmağı hədəfləyirik.



Layihəsinin elmi rəhbəri, BANM-ın İnnovasiya və Tədqiqatlar Mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadə isə bildirdi ki, layihə su çatışmazlığı və torpağın deqradasiyası kimi aktual problemlərə yönəlib və onların aradan qaldırılması üçün praktik və dayanıqlı həll yolları təklif edir.


- Elmar bəy, sizcə, bu layihəni digərlərindən fərqləndirən əsas amillər hansılardır?


- "Agroficient” layihəsinin uğurunun əsas səbəblərindən biri, komandanın diqqət yetirdiyi problemin həm geniş miqyaslı, həm də həlli zəruri olan bir məsələ olmasıdır.


Komandanı digərlərindən fərqləndirən əsas cəhətlərdən biri də problemin həllinə yanaşmada göstərilən yaradıcılıq və texnoloji innovasiyadır. Bazarda müxtəlif hydrogel məhsulları mövcud olsa da, "Agroficient” komandası bu texnologiyanı modifikasiya edərək onu bioloji parçalana bilən və ekoloji cəhətdən təhlükəsiz hala gətirdi. Bu xüsusiyyət layihəni yalnız iqtisadi cəhətdən deyil, həm də ətraf mühitə müsbət təsiri baxımından dəyərli edir və onu digər sintetik, torpaq üçün zərərli hidrogellərdən fərqləndirir.



- Bu uğurdan sonra komanda üzvlərinə hansı istiqamətdə inkişaf etməyi və nəyə fokuslanmağı tövsiyə edirsiniz?


- Bu uğurun davamlı və dayanıqlı olması üçün komandanın növbəti mərhələdə inkişaf etməli olduğu əsas istiqamətlər mövcuddur. İlk növbədə, məhsulun rəsmi sertifikatlaşdırılması prosesinə xüsusi diqqət yetirilməlidir. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və digər müvafiq qurumlardan lazımi icazə və sənədlərin alınması məhsulun bazara çıxışı üçün vacib addımdır.


Bununla yanaşı, satış prosesinin davamlılığı və bazarın genişləndirilməsi də əsas prioritetlərdən biri olmalıdır. Layihənin təsir dairəsinin artırılması üçün fermerlərlə sıx əməkdaşlıq, onların ehtiyac və təkliflərini nəzərə alaraq məhsulun davamlı şəkildə təkmilləşdirilməsi komandanın uğurunu uzunmüddətli perspektivdə təmin edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->