Xəbər lenti

Nazir deputata cavab verdi:
Ölkə 14:44 16.05.2025

Nazir deputata cavab verdi: "Ülviyyə İlyasova həmin şəxsi evinin mətbəxində əməliyyat edib"

"Plastik cərrahiyyə sahəsində özbaşınalıq var və kim gəldi əməliyyat edir. İnsanları, ən sadə mənada desəm, öldürürlər".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı deyib.

"Dünənki vətəndaş qəbulunda valideynlər gəlmişdi. Onların qızları Səbirə Vəliyevanı əməliyyat edən Ülviyyə İlyasova səhv əməliyyat nəticəsində həmin şəxsi öldürüb. Onun iki uşağı yetim qalıb. Həmin gündən bəri onunla bağlı heç bir tədbir görülmür. 

Valideynlərin dediyinə görə, bu qız 9-cu sinfi bitirib və heç bir tibbi təhsili yoxdur. İndi də Qurbanova soyadı ilə işləyir. Hazırda kosmetoloq-üz cərrahı kimi gizli fəaliyyət göstərir. Biz mətbuatda oxuduq ki, plastik cərrahları imtahan edirlər və onların siyahısını dərc edirlər. Lakin bu adamlar kim oldu, biz bunu bilmədik. Bu, geniş ictimaiyyətə təqdim olunmalıdır. Həmin şəxs ölən adamı koma vəziyyətində öz evinə aparıb. Orada ona kömək etmək istəyib, amma fayda verməyib. Valideynləri hədsiz dərəcədə narazıdır və bildirirlər ki, bizim uşağımızın qatili kimdir, hələ də bilmirik", – deyə Səyyad Salahlı bildirib.

Səhiyyə naziri Teymur Musayev də məsələ ilə bağlı açıqlama verib:

"Məlum olduğu kimi, plastik cərrahiyyə ilə bağlı xüsusi təftiş komissiyası yaradılıb. Həmin komissiyaya Baş Prokurorluq, Elm və Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları daxildir. Komissiyanın işi nəticəsində Azərbaycanın ərazisində plastik cərrahiyyə üzrə fəaliyyət göstərməyə icazə verilən 42 plastik cərrah müəyyən olunub. Həmin siyahı ictimaiyyətə çatdırılıb və dərc olunub. Bu siyahıdan kənarda qalan digər tibb ixtisası daşıyıcıları üçün öz ixtisasları çərçivəsində müəyyən əməliyyatları icra etməyə icazə verilib. Bu məsələ öz həllini qanun çərçivəsində tam tapıb. Bu mövzuya bir də qayıtmaq istəmirəm.

Sara Qəhrəmanova adlı vətəndaşın deputat Səyyad Salahlıya müraciətinə gəlincə, o xanım mənim də qəbulumda olub. Həmin şəxs onun qızını öz evində, mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi yalnız tibb işçilərinə cavabdeh ola bilər. İş artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa – istər tibb işçisi, istər mühəndis – buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz".

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva 2024-cü ilin 16 aprelində cərrahi əməliyyatdan sonra dünyasını dəyişib. İstintaqla "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovaya (Ülviyyə Ilyasova) Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə yekun ittiham elan edilib və barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. Səbirə Vəliyeva Ülviyyə İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla, 10 yaşlı əkiz uşaqları anasız qalıb.

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->