"Paris, London, Berlin artıq başa düşür ki, Türkiyənin yardımı olmadan Rusiya Ukrayna müharibəsini dayandırmaq mümkünsüzdür”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Əlimusa İbrahimov Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna və Türkiyə liderlərinin Albaniyada olacaq birgə görüşünü şərh edərkən deyib:
"Türkiyənin Albaniyada Ukrayna ilə bağlı keçirilən görüşə dəvət olunması, heç şübhəsiz, Ankaranın beynəlxalq nüfuzunun artmasının sübutudur. Görüşdə iştirak edən aparıcı Avropa ölkələri Böyük Britaniya, Fransa, Almaniya Türkiyənin yardımı olmasa, Rusiya-Ukrayna müharibəsinin qarşının almağın mümkün olmayacağını artıq başa düşürlər. Bu vaxta qədər eyni məqsədlə çağırılan görüşlərin heç birinə Türkiyə prezidenti dəvət olunmayıb və hər görüşdən sonra cəbhədə Ukraynanın vəziyyətinin daha da ağırlaşdığının şahidi olmuşuq”.
Ekspert qeyd edir ki, zaman Ukrayna və Avropa ölkələrinin əleyhinə işləyir:
"Hər keçən gün Rusiya daha çox Ukrana ərazilərini işğal edir. Belə gedərsə, bu müharibə ilə bağlı ən pis senarilər özünü doğruldacaq. Məhz buna görə də Fransa, Almaniya, Böyük Britaniya rəhbərləri məcburiyyət qarşısında qalıb Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı müzakirəyə dəvət ediblər. Bunun qeyd olunan siyasi liderlərin heç də Türkiyə və ya Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana olan məhəbbətlərindən irəli gəlmədiyi aydındır. Bu gün Avropanın Türkiyəyə ehtiyacı var və Türkiyəsiz keçinə bilmədikləri artıq aydın şəkildə görünür”.
Həmsöhbətimizin fikrincə, bu fakt bundan sonra Türkiyənin Avropa ilə bağlı ciddi məsələlərin həllində önə çıxacağını sübut edir:
"Türkiyə Avropa və qlobal dünyanın əsas aktorlarından biri olmaq istiqamətində addımlayır”.
Qeyd edək ki, POLİTİCO nəşrinin məlumatına görə, bu gün Albaniyanın paytaxtı Tiranada Böyük Britaniya baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenski və Türkitə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə görüş keçiriləcək.
Görüşdə onlar Ukraynada müharibəni necə dayandırmağın yollarını müzakirə edəcəklər.
Rüfət Sultan
Şərhlər