Adətən insanlar mütəmadi olaraq avtomobillərinə texniki qulluq göstərir, yağı dəyişir, təkərlərin təzyiqini və maye səviyyələrini yoxlayırlar, lakin şüşəsilənləri unuda bilərlər.
Qaynarinfo "Jalopnik” nəşrinə
istinadla yazır ki, istehsalçılar şüşəsilənləri ən azı hər 12 aydan bir dəyişməyi tövsiyə edirlər, lakin çox az sürücü buna əməl edir.
Ekspertlər bildirirlər ki, başlanğıcda alın şüşəsini effektiv şəkildə təmizləyən rezin material çox tez köhnələ bilər. Bu isə o deməkdir ki, şüşəsilənləri ildə bir dəfə dəyişmək kifayət etməyə bilər.
Şüşəsilənlər əslində nə qədər xidmət edir?
Bəzi istehsalçılar hər 6 aydan bir yeni cüt şüşəsilən almağı məsləhət görürlər. Əgər istifadə zamanı şüşə üzərində ləkələr, izlər və ya şaquli xətlər qalırsa, bu, onların dəyişdirilmə vaxtının çatdığına işarədir.
"Bir çox amil şüşəsilənlərin xidmət müddətini qısaldır. Ozonun təsiri, ultrabənövşəyi şüalar və temperatur dəyişiklikləri rezin qarışığının parçalanmasına səbəb olur. Bundan əlavə, alın şüşəsində yığılan qum dənəcikləri şüşəsilənin səthinə zərər verə bilər və hər hərəkət zamanı rezindən kiçik hissəciklər qopa bilər", deyə Jalopnik izah edir.
Ekspertlərin sözlərinə görə, aşınma başlayan kimi fırçalar şüşəyə tam otura bilmir, nəticədə izlər, təmizlənməyən sahələr və digər arzuolunmaz effektlər yaranır.
"Bu mərhələdə görmə sahəsindəki ləkələr və 'kor zonalar' səbəbindən təhlükəsizlik risk altına düşə bilər. Sirr ondadır ki, fırçaları bu problemlər yaranmamışdan əvvəl dəyişəsiniz; bu isə o demək deyil ki, mütləq dəqiq bir qrafikə riayət etməlisiniz", deyə nəşr tövsiyə edir.
Şüşəsilənləri dəyişmək vaxtının çatdığını necə anlamalı?
Kiçik xətlər, yüngül dumanlanma və şüşənin bəzi hissələrinin təmizlənməməsi aşınmanın ilkin əlamətləridir. Həmçinin fırçaların şüşə üzərində tullanması, bəzi yerləri ötürməsi və ya qıcıqlandırıcı səs çıxarması da xəbərdarlıqdır.
"Daha ciddi aşınma zamanı rezin fırçanın kənarlarında kiçik çatlar və ya qopmuş hissələr müşahidə oluna bilər. Bütün bunlar şüşəsilənlərin öz işini düzgün yerinə yetirə bilməməsinə səbəb olur", deyə ekspertlər əlavə edir.
Mütəxəssislər bildirirlər ki, yeni rezin fırçalar alarkən onların məhz sizin avtomobil modelinə uyğun olduğundan əmin olun.
"Dəyişdirmə ilə bağlı konkret göstərişlər üçün istifadəçi təlimatı ilə tanış olun. Köhnə fırçaları çıxarmaq üçün şüşəsilən qollarını şüşədən qaldırmalı və kilid mexanizmini sıxmalısınız. Yeni fırçalar yerinə tam oturmalı və klik səsi ilə bərkidilməlidir", deyə materialda xəbərdarlıq edilib.
Alpər
Şərhlər