"Tiflislə Avropa İttifaqı arasında qarşıdurma heç bir tərəfə uğur vəd etmir. Bu məsələdə vəziyyət bəllidir. Gürcüstan Avropa İttifaqına üzv olmağa hazırlaşdığını elan etmişdi. Aİ bu fonda müəyyən şərtlər irəli sürdü. Lakin rəsmi Tiflis isə hesab edir ki, bu şərtlər Gürcüstanın suverenliyinə xələl gətirir. Ona görə də həmin şərtləri yerinə yetirməkdən imtina edir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Gürcüstanla Avropa İttifaqı arasında yenidən baş qaldıran qarşıdurmanın nə vəd edəcəyini şərh edərkən deyib.
Politoloq vurğulayıb ki, Aİ belə olan halda Tiflisi quruma qəbul etməyəcəyini bildirib:
"Bu əsasda da Aİ ilə Gürcüstanın "Gürcü Arzusu" hökuməti arasında müəyyən söz atışmaları baş verir".
Ekspert qeyd edib ki, məsələyə beynəlxalq hüquq baxımından yanaşsaq, Aİ-nin heç bir dövlətin milli maraqlarını nəzərə almadan öz iradəsini sırımağa çalışdığını görürük:
"Tiflisə Rusiyaya qarşı sanksiyalara qoşulmaq sərf etmir. Gürcüstanın bu sanksiyalara qoşulması ilə Rusiya Ukraynadan geri çəkilən deyil. Qərbin sanksiyalarını nəzərə almayan, Moskva məgər Tiflisin sanksiyalarını nəzərə alacaq?".
Politoloqun fikrincə, Gürcüstan üçün Rusiya sanksiyalarına qoşulmaq ölkə iqtisadiyyatına ciddi ziyan vura bilər:
"Ona görə də Tiflis bu sanksiyalara qoşulmur. Amma bu münasibətlər siyasi müstəvidə soyuq olsa da, iqtisadi müstəvidə Gürcüstan üçün qonşu Rusiya ilə əlaqələr xeyli vacibdir. Rəsmi Tiflisin mövqeyi gürcü xalqının mənafeyinə uyğundur. Gürcüstana xeyli rus turisti gəlir, Rusiya ilə onun ticarət əlaqələri də genişdir. Rusiya ilə düşmənçilik Gürcüstanın maraqlarına cavab vermir. Aİ isə istəyir ki, Tiflis onun ümumi siyasətinə tabe olsun".
ReAL Partiyasının sədri Natiq Cəfərli də bildirir ki, Aİ-nin Gürcüstana qarşı atdığı addımlar ədalətsizdir:
"Gürcüstanda seçki institutları, demokratik təsisatlar, media var, müxalifət yerli özünüidarəetmə institutlarında təmsil olunub. Habelə, ölkə parlamentində müxalifətin böyük bir qrupu var. Onlar isə mənasızcasına parlamentin işini boykot ediblər. Yəni demokratik təsisatların olması fonunda Aİ-nin Gürcüstana münasibətində anormal sərtlik göstərməsi başa düşülən deyil. Aİ-nin Tiflisə sərt münasibətinin rassional izahı yoxdur. Digər tərəfdən, Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edən Aİ bunun müqabilində Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsini qarşılamalıdır. Amma bunu edə bilmir və ya etmək istəmir".
Qeyd edək ki, Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında gərginlik daha da artmaqda davam edir. Gərginlik təkcə diplomatik ritorika səviyyəsində qalmır, siyasi, iqtisadi və institusional müstəvilərdə də özünü göstərir. Görünən odur ki, Gürcüstan-Aİ münasibətləri qarşılıqlı gözləntilər dövründən fərqli, yeni mərhələyə qədəm qoyub. Bir neçə gün əvvəl Gürcüstan Baş naziri İrakli Kobaxidze Aİ-nin Tiflis hökumətinə münasibətini tənqid edib. Baş nazirin sözlərinə görə, Aİ artıq Gürcüstandan açıq şəkildə Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edir:
"Bu, bizim əvvəllər danışdığımız bütün məsələlərin tam təsdiqidir. Avropa bürokratiyası artıq açıq şəkildə sanksiyalara qoşulmağı tələb edir, əvvəl buna maksimum ehtiyatla yanaşırdılar, sonra Avropa Parlamentinin qətnaməsində bunu bəyan etdilər, indi isə icraedici qurum (Avropa Komissiyası) da sanksiyalara qoşulmağı tələb edir".
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, onlar Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəkləyirlər. Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkəni Aİ-yə doğru olmayan yanlış istiqamətdə aparır.
Rüfət Sultan
Şərhlər