"Vaşinqtonun Pekini nüvə arsenalını azaltmaqla bağlı danışıqlara cəlb etmək təklifini Çin birmənalı olaraq heç bir halda qəbul etməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Vaşinqtonla Pekin arasında nüvə silahı məsələsində yaşanan gərginliyi şərh edərkən deyib.
"Bu gün dünyada baş verən proseslər fonunda Pekin gözəl bilir ki, ABŞ Ukrayna-Rusiya müharibəsini dayandırdıqdan sonra, növbəti addım kimi Çinlə bağlı bəzi tələb və niyyətlərini ortaya qoyacaq. Ona görə də Pekin Vaşinqtonun sözügedən təklifilə razılaşmır", deyə Üzeyir Cəfərov bildirib.
Ekspert bu məsələnin hələ uzun illər nəticə vermədən müzakirələrdən keçəcəyini düşünür:
"Çin milli təhlükəsizliyinə müəyyən təhdidlər görür. Ona görə də danışıqlarda maksimum ehtiyatlılıq göstərir. Onlar bilir ki, daha çox nüvə potensialının olması ona müəyyən güc və imkanlar yaradır. Heç kim Pekinə hər hansı bir təzyiq edə bilməyəcək. Çin öz məqsədində qətidir".
Həmsöhbətimiz iddia edir ki, Rusiyanın son hərəkətləri fonunda gələcəkdə bu ölkə nüvə silahından məhrum edilə bilər:
"Nüvə tərksilahı üzrə əsas məsuliyyət ABŞ-ın üzərinə düşür. Rusiya isə hər hansı bir məsuliyyət hiss edən dövlət olmadığından onun üzərinə düşüb-düşməməsinin heç bir əhəmiyyəti yoxdur. Rusiyanın son zamanlar dünyanı nüvə silahı ilə təhdid etməsi gələcəkdə bu ölkənin həmin silahdan məhrum edilməsinə gətirib çıxara biləcək bir prosesdir".
Qeyd edək ki, Çin rəsmi Vaşinqtonun Pekini nüvə arsenalının azaldılması üzrə danışıqlara cəlb etmək təklifini rədd edib. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tszyakun jurnalistlərə bildirib ki, ölkəsinin ABŞ və Rusiya ilə üçtərəfli formatda danışıqlarda iştirakı nə ağlabatan, nə də realdır.
"Çin və ABŞ nüvə potensialı baxımından tamamilə fərqli səviyyələrdədir. Pekin öz qüvvələrini milli təhlükəsizlik üçün lazım olan minimum səviyyədə saxlayır və heç bir ölkə ilə silahlanma yarışında iştirak etmir", deyə diplomat izah edib.
O əlavə edib ki, nüvə tərksilahı üzrə əsas məsuliyyət ən böyük arsenallara malik olan dövlətlərin - ABŞ və Rusiyanın üzərinə düşür.
Rüfət Sultan
Şərhlər