ABŞ-ın sabiq prezidenti Donald Trampın Alkatraz həbsxanasını yenidən açmağı nəzərdən keçirdiyinə dair xəbərlər, tarixin ən məşhur həbsxana qaçışını yenidən gündəmə gətirib. "Alkatrazdan kimsə həqiqətən qaça bildimi?" sualı onilliklər boyunca həm əfsanələrə, həm də elmi araşdırmalara mövzu olub. Xüsusilə 2014-cü ildə nəşr olunan bir tədqiqat, bu suala elmi əsaslara söykənən yeni bir baxış təqdim edib: bəlkə də, doğru şəraitdə bu qaçış gerçəkdən mümkün idi.
Qaynarinfo xəbər verir ki, Alkatraz Federal Həbsxanasının təməli 1850-ci illərə dayanır. San-Fransisko körfəzində təcrid olunmuş qayalıq üzərində inşa edilən bu qurğu əvvəlcə hərbi qala kimi istifadə olunub. 1934-cü ildə isə federal həbsxanaya çevrilib. Burada ABŞ-ın ən təhlükəli və qaçma riski yüksək olan məhkumları saxlanılırdı.
Alkatraz yalnız memarlıq baxımından deyil, ətrafındakı güclü axınlar, soyuq sular və köpəkbalığı ilə bağlı şayiələrlə də məşhur olub. Həbsxana Al Kapone və Corc Kelli kimi məşhur cinayətkarlara ev sahibliyi edib və zamanla "qaçılması mümkünsüz" bir yer kimi tanınıb.
11 iyun 1962: tarixin ən məşhur qaçış cəhdi
Lakin 11 iyun 1962-ci il gecəsi bu şöhrət sarsılıb. Frank Morris və Klarens ilə Con Anglin qardaşları Alkatraz tarixində ən cəsarətli qaçış planını həyata keçirib. Qaçış planında Allen Uest adlı dördüncü məhkum da olub, lakin kamerasından vaxtında çıxa bilmədiyi üçün geridə qalıb.
Nəzarətçilər qaçışı ertəsi gün səhər başa düşdükdə, məhkumların yataqlarında insan saçları ilə örtülmüş kağız başlıqlar görüblər. Bu saxta başlıqlar gecə nəzarətçilərini aldatmaq üçün hazırlanıb
Aylarla davam edən plan və improvizə edilmiş vasitələr
Qaçış üçün aylarla davam edən diqqətli hazırlıq aparılıb. Məhkumlar kamer divarlarındakı ventilyasiya çıxışlarını itilənmiş qaşıqlarla və dəyişdirilmiş elektrik süpürgəsi mühərriki ilə genişləndiriblər. Qaçış gecəsi bu çıxışlardan keçərək binanı tərk ediblər və sahilə çatıblar. Orada isə onlarla yağış paltarından hazırladıqları əl işi salla San-Fransisko körfəzinə yollanıblar.
Məhkumlar sağ qala bildimi? Elmi model nə deyir?
Qaçışdan sonra bu üç məhkumun nə cəsədi, nə də birbaşa izi tapılıb. Lakin qısa müddət sonra salın parçaları körfəzdə aşkar olunub və rəsmi hesabatlar onların böyük ehtimalla boğularaq həyatlarını itirdiklərini qeyd edib.
Bununla belə, bu hadisə zamanla dəqiqliyi sual altına alınan bir işə çevrilib. 2014-cü ildə Niderlandın Delft Texniki Universitetindən bir qrup tədqiqatçı qaçış gecəsinin mümkün ssenarilərini elmi üsullarla araşdırıb. Onlar 1962-ci ilin gelgit məlumatlarını müasir su hərəkəti dataları ilə birləşdirərək körfəz axınlarını simulyasiya ediblər.
Nəticələrə görə, əgər qaçanlar saat 23:00 ilə gecəyarısı arasında yola çıxıblarsa, Qolden Qeyt körpüsünün şimalına çataraq sağ qalma ehtimalları var idi. Lakin bu saatdan əvvəl yola çıxıblarsa, axınlar onları birbaşa Sakit okeana apararaq ölümlə nəticələnmiş ola bilərdi.
Tədqiqatçılar qaçışın uğurlu olması üçün ciddi fiziki gücün lazım olduğunu və bunun "Olimpiya səviyyəsində bir qayıq sürmə performansı" tələb etdiyini qeyd edib. Həmçinin, o dövrdə körfəz axınları və gelgitlər barədə belə dəqiq məlumatların məhkumlar üçün əlçatan olmamasını vurğulayıblar.
Simulyasiyalar su hərəkətini dəqiq modelləşdirsə də, hipotermiya, dalğaların hündürlüyü və külək kimi dəyişənlər tam şəkildə nəzərə alınmayıb. Bu isə qaçışın uğur ehtimalını dəqiq müəyyən etməyi çətinləşdirir.
Dosye hələ də açıqdır: Alkatraz əfsanəsi davam edir
Morris və Anglin qardaşlarının sağ qalmasına dair fərziyyələr hələ də gündəmdədir. 2022-ci ildə ABŞ Marşal Xidməti tərəfindən yayımlanan rəqəmsal yaşlandırma ilə hazırlanmış portretlər, bu üç məhkumun 60 il sonra necə görünə biləcəyini göstərir. Bu addım, qaçış dosyesinin rəsmi olaraq bağlanmadığını və hələ də açıq istintaq işi kimi qiymətləndirildiyini ortaya qoyub.
Alkatraz 1963-cü ildə bağlansa da, bu qaçış hekayəsi ilə birlikdə populyar mədəniyyətdəki yerini qoruyur. Geriye yalnız fiziki divarlar deyil, eyni zamanda həll olunmamış bir sirr və hələ də elmi baxımdan müzakirə edilən bir qaçış ssenarisi qalıb.
Aydın
Şərhlər