Xəbər lenti

Xirosimadan sağ çıxan kişi dünyaya sərt mesajla müraciət etdi
Dünya 16:30 06.08.2025

Xirosimadan sağ çıxan kişi dünyaya sərt mesajla müraciət etdi

83 yaşlı Toşiyuki Mimaki – 1945-ci ildə ABŞ tərəfindən Xirosimaya atılmış atom bombasından sağ çıxan yaponiyalı – nüvə silahlarının qadağan olunması uğrunda ömür boyu mübarizə aparıb. 

Qaynarinfo xəbər verir ki, Nobel Sülh Mükafatı laureatı olan Mimaki hücumun 80-ci ildönümündə insanlığa yalnız xatirələrlə deyil, həm də ciddi xəbərdarlıqla müraciət edib. Bu barədə "Sky News" məlumat yayıb.

Mimaki bildirib: "Hazırda ən təhlükəli dövrü yaşayırıq. Rusiya, Şimali Koreya, Çin nüvə silahından istifadə edə bilər. Tramp isə tam xaosdur. Biz bir daha müharibəsiz və nüvə silahı olmayan dünya üçün çağırış edirik, amma heç kim bizi eşitmir".

Xirosima - bir uşağın yaddaşında

1945-ci il avqustun 6-da baş verən faciə zamanı Mimakinin üç yaşı var idi. ABŞ tərəfindən Xirosimaya atılan atom bombası dünya tarixində nüvə silahının ilk dəfə hərbi məqsədlə istifadəsi kimi qeydə alınıb. Partlayış nəticəsində 70 mindən çox insan dərhal həlak olub, yer səthində temperatur təqribən 4000 °C-yə çatıb və şəhərin 2/3-si yerlə-yeksan edilib.

Mimaki o günü belə xatırlayır: "Mən həyətdə oynayırdım, birdən parlaq işıq saçdı. Biz episentrdən 17 km uzaqda idik. Heç bir səs eşitmədim, sadəcə ildırım düşündüm. Günorta insanlar küçəyə çıxmağa başladı - saçları dağılmış, paltarları cırıq, bəziləri ayaqyalın, su istəyirdilər".

Onun sözlərinə görə, atası şəhərin mərkəzindəki iş yerindən 4 gün evə qayıtmayıb: "Atam zirzəmidə idi. İş paltarını dəyişdiyi üçün sağ qalmışdı. Yuxarı qalxanda Xirosima artıq mövcud deyildi".

Nüvə dəhşəti və bugünkü təhlükə

Hadisədən üç gün sonra ABŞ bu dəfə Naqasakiyə atom bombası atıb. Bunun ardınca Yaponiya təslim olub və II Dünya müharibəsi sona çatıb. 1945-ci ilin sonuna qədər Xirosima və Naqasakidə ölənlərin sayı 210 min olub. Növbəti illərdə isə saysız insan şüalanma, xərçəng və digər xəstəliklər səbəbindən həyatını itirib.

Mimaki bu gün də bu təsirlərin davam etdiyini vurğulayıb: "İnsanlar hələ də radiasiyanın fəsadlarından əziyyət çəkir, xəstəxanalarda yatırlar. Xərçəngə tutulmaq çox asandır – mənim özüm də risk altındayam və bu məni narahat edir".

"Yeni hibakuşa yaratmamalıyıq"

Toşiyuki Mimaki dünyada hazırda doqquz ölkənin 12 minə yaxın nüvə başlığına sahib olduğunu və hər an istifadə riskinin olduğunu bildirib.

"Rusiya-Ukrayna, İsrail-Qəzza, İsrail-İran - dünyanın hər yerində müharibə var. İnsan dediyimiz bu məxluqlar niyə bu qədər müharibə sevir? Biz bunu dəfələrlə deyirik, amma 80 ildir heç kim bizi dinləmir. Biz hibakuşa (Xirosima və Naqasaki bombardmanlarının qurbanları) olaraq deyirik ki, bir daha yeni hibakuşa yaranmamalıdır", deyə o, sonda insanlığa müraciət edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->