"Nəticə etibarilə, 3 min boş yerin qalması nə abituriyentin günahıdır, nə də təsadüf. Bu, planlaşdırma siyasətinin uğursuzluğudur".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov ali təhsil müəssisələrində ixtisas qrupları üzrə 3 mindən artıq boş yerin qalmasına aydınlıq gətirərkən deyib.
Ekspert hesab edir ki, əgər Elm və Təhsil Nazirliyi şəffaf strategiya ortaya qoymasa və DİM abituriyentləri maarifləndirməsə, bu vəziyyət hər il təkrarlanacaq:
"Təhsil sistemi yalnız rəqəmlərlə manipulyasiya ediləcək, amma nə gənclərin arzuları, nə də ölkənin kadr ehtiyacı qarşılanacaq. Azərbaycanda təhsilin inkişafı üçün ilk şərt korrupsiyanın aradan qaldırılması, qrantların şəffaf idarə olunması, real proqnozların hazırlanması və abituriyentlərə düzgün bələdçilik edilməsidir. Əks halda, minlərlə boş yer, minlərlə puç olmuş arzu və təhsilə tam inamsızlıq illərlə davam edəcək".
Ekspert bildirib ki, Azərbaycanda ali təhsil sisteminin hər il təkrar olunan paradoksu var:
"Minlərlə gənc imtahanlarda yüksək nəticə göstərir, amma arzularına uyğun ixtisasa qəbul ola bilmir, eyni zamanda minlərlə plan yeri boş qalır. Bu il də həmin mənzərə yaşandı. Dövlət İmtahan Mərkəzinin açıqladığı rəqəmlərə əsasən, təxminən 3 min plan yeri boş qalıb. Digər tərəfdən, imtahanda 500–600 bal yığan yüzlərlə abituriyent ixtisas seçiminə qoşulmadı. Səbəbi sadədir: topladığı bal istədiyi ixtisasa çatmadığı üçün "ya istəyim olacaq, ya da heç” prinsipi ilə seçimdən imtina etdilər. Bu rəqəmlər göstərir ki, qəbul prosesi hələ də səmərəli mexanizmə malik deyil və dövlət qurumlarının laqeydliyi vəziyyəti daha da ağırlaşdırır. "Təhsil haqqında” Qanunun 14.2-ci maddəsi açıq şəkildə deyir ki, dövlət kadr hazırlığını əmək bazarının tələblərinə uyğun planlaşdırmalı, təhsil alanlara seçim imkanlarının genişlənməsi üçün şərait yaratmalıdır. Amma faktiki vəziyyətdə nə planlaşdırma var, nə də şərait. Plan yerləri real əmək bazarı ilə uzlaşdırılmır, abituriyentlərə ixtisas seçimində bələdçilik edilmir, boş qalan yerlər isə illərdir eyni problemlə üz-üzə qalır. Elm və Təhsil Nazirliyi yalnız statistika paylaşır, "universitetlərdə yerləri artırdıq” deyir, amma həmin yerlərin dolub-dolmaması ilə maraqlanmır. Dövlət İmtahan Mərkəzi isə özünü sırf texniki icraçı qurum kimi aparır, abituriyentlərin seçim davranışlarına nəzarət etmir, maarifləndirmə işləri aparmır. Halbuki abituriyentin topladığı bal aralığına uyğun hansı ixtisaslarda şansının olduğunu göstərən mexanizmlər qurulmalı, gənclərə alternativ seçimlər izah edilməli idi".
Statistik göstəricilərə gəlincə, Kamran Əsədov əlavə edib ki, 2025/2026-cı tədris ili üçün ümumilikdə 86 min abituriyent ixtisas seçimi edib:
"Onların təxminən 3–4 faizi, yəni 3 mindən çoxu seçimdən imtina edib. Bu, keçən illə müqayisədə artım deməkdir. Çünki 2023-cü ildə boş qalan yerlərin sayı 2 minə yaxın idi. Bu artım göstərir ki, sistem getdikcə daha çox gənci kənarda qoyur. Ən çox boş yerlər kənd təsərrüfatı, pedaqoji və bəzi mühəndislik ixtisaslarında müşahidə olunur. Bunun səbəbi həmin ixtisasların cəmiyyətdə cazibədar olmaması, əmək bazarında zəif perspektivlər və nazirliyin düzgün təbliğat aparmamasıdır. Müsbət tərəf yalnız ondadır ki, abituriyentlər təsadüfi seçim etmək istəmirlər, yalnız maraq göstərdikləri sahələrdə oxumağa can atırlar. Bu, onların məqsədyönlü olduqlarını göstərir. Amma mənfi tərəf daha böyükdür: dövlətin ayırdığı yerlər boş qalır, büdcə resursları səmərəsiz xərclənir, universitetlər natamam qruplarla fəaliyyət göstərir, təhsil keyfiyyəti aşağı düşür. Ən əsası isə abituriyentlər və valideynlər sistemə inamını itirirlər".
Onun sözlərinə görə, dünya təcrübəsi bu məsələdə tam fərqli mexanizmlər təqdim edir:
"Almaniyada tələbə istədiyi ixtisasa düşməsə, sistem ona yaxın olan ixtisaslarda alternativlər təklif edir. Türkiyədə "yerləşdirmə proqramları” vasitəsilə abituriyentin topladığı bala uyğun ən optimal seçim avtomatik olaraq göstərilir. ABŞ-da isə universitetlərin qəbul mexanizmləri daha çevikdir: bal əsas şərt olsa da, əlavə müsahibə və motivasiya məktubları ilə tələbənin başqa sahələrdə şansı saxlanılır. Azərbaycanda isə yalnız bal və dar seçim prinsipi tətbiq olunur, nəticədə yüzlərlə gənc faktiki olaraq sistemin qurbanına çevrilir. Təəssüf ki, nazirlik bu istiqamətdə nə maarifləndirmə aparır, nə proqnoz hazırlayır, nə də plan yerlərini əmək bazarının real tələbləri ilə uyğunlaşdırır. Qrant layihələri hər il elan olunur, amma onların çoxu nəticəsiz qalır, milyonlarla manat göyə sovrulur. İş adamları universitetlərə ianə etmirlər, valideynlər təhsil sisteminə inanmır, gənclər isə yalnız şəxsi arzularına güvənərək seçim edirlər. Dövlət İmtahan Mərkəzi isə bütün bu boşluqlara göz yumur, imtahanı keçirib məsuliyyəti üzərindən atır".
Bahar Rüstəmli
Şərhlər