"Qısa zaman kəsiyində hakimiyyətdəki bu kadr dəyişiklikləri Trampın atdığı addımların nəticəsinin komandası tərəfindən qabaqcadan proqnozlaşdırıla bilməməsi və bu komandanın səriştəsizliyinin göstəricisidir”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Azər Qasımov Trampın komandasında qısa müddət ərzində etdiyi kadr dəyişikliyinin səbəblərindən danışarkən deyib:
"Trampın komandasının təsadüfi və peşəkarlıq səviyyəsi aşağı olan kadrlardan təşkil olunduğu barədə məlumatlar, seçkidən dərhal sonra vəzifələrə namizəd göstərilənlərə olan münasibətdən bəlli idi. 100 günün tamamında artıq iki vacib fiqurun vəzifədən kənarlaşdırlması da bunu sübut etdi. Belə vəziyyət Trampın keçən hakimiyyəti dövründə də baş vermişdi.
Dövlət katibi Rubiodan başqa Trampın komandasının hər hansı digər üzvləri barədə müsbət fikir bildiriləni yoxdur”.
Həmsöhbətimiz zənn edir ki, bu kadr dəyişikliklərində dünyada cərəyan edən gərgin geosiyasi durumun da mühüm təsirləri var:
"Kadr dəyişikliyi hakimiyyət üçün yaxşı əlamət olmasa da, məsələ ondadır ki, Trampın bu hakimiyyət dövrü əvvəla gərgin geosiyasi durum fonunda baş tutur. Eyni zamanda, Trampın iddialı tələb və istəkləri də bu geosiyasi durumu daha da gərginləşdirir. Tramp az qala bütün dünyada gərginlik yaradacaq addımlar atır”.
Belə vəziyyətdə, ekspertə görə, Trampın atdığı addımların nəticəsinin öncədən proqnoz edilməməsi də onun komandasının səriştəsizliyinin göstəricisidir:
"Əvvəlcə qərarlar verilir, sonra isə icrası dayandırılır, müvəqqəti təxirə salınır və s”.
Politoloq hesab edir ki, belə bir komandada hələ xeyli bu sayaq dəyişikliklər baş verəcək:
"Çünki proseslər hələ yarımçıq qalıb. Diplomatik korpus yeni həll yolları fikirləşib tapa bilmir. Ukrayna ilə imzalanan nadir torpaq metalları barəsində razılaşma da Trampın əvvəlki şərtlərinin tam əksidir. Görünən odur ki, Tramp komandasına yenidən nəzər salmalıdır”.
A. Qasımov qeyd edir ki, verilən populist vədlər və atılan nəticəsiz addımlar Trampa olan inamı da azaldıb. Bu baxımdan ekspert hesab edir ki, Trampın daha kəskin addımlar atacağı günlər yaxınlaşmaq üzrədir:
"Tramp öz imicini qorumaq üçün həm ətrafında, həm də Putin daxil Ukrayna, İran, Çin məsələlərində ciddi addımlar atacaq”.
Qeyd edək ki, Tramp Yəmən müharibəsi planları ilə bağlı söhbətin sızması səbəbilə milli təhlükəsizlik müşaviri Mayk Uolts və onun müavini Aleks Vonqu işdən çıxarıb. Bundan sonra o, ABŞ-ın BMT-dəki xüsusi nümayəndəsi ola bilər. Hələlik Uoltsun vəzifəsini dövlət katibi Marko Rubio icra edir.
Xatırladaq ki, Uolts husilərlə müharibədə ABŞ rəhbərliyi üçün çat qrupu yaradıb. Amma səhvən qrupda aparılan danışıqlara jurnalist Cefti Holdberqi də cəlb edib. O da danışıqlarda yer alan söhbətləri mətbuata sızdırıb.
Lakin maraqlısı odur ki, Tramp həmin müşavirini dərhəl vəzifəsindən azad etməyib. Bu ancaq indi, hadisənin baş verməsindən ay yarım keçəndən sonra baş verir. Onu da bildirək ki, milyarder İlon Mask da tutduğu vəzifəsi ilə artıq vidalaşıb.
Rüfət Sultan
Şərhlər