ABŞ prezidenti Donald Tramp gözlənilmədən Hindistanı Rusiyanı cilovlama siyasətinin əsas hədəflərindən birinə çevirdi. Ukraynaya qarşı müharibə kontekstində Kremlə təzyiq göstərmək istəyən Tramp Nyu-Dehlini Moskva ilə sıx əlaqələrinə görə sərt tənqid edib və yeni iqtisadi məhdudiyyətlər elan edib.
Qaynarinfo "Bloomberg”ə istinadla
yazır ki, Trampın Hindistana münasibətdə ritorikasının dəyişməsi "heyrətləndiricidir”.
Keçən həftə amerikalı lider Hindistan və Rusiyanın "birlikdə öz ölü iqtisadiyyatlarını məhv edə biləcəklərini” bildirib – bu açıqlama iki ölkə arasında uzun müddət inkişaf etdirilməyə çalışılan münasibətlərdə dönüş nöqtəsi olub. ABŞ illərdir Hindistanı Çinin artan gücünə qarşı balans kimi görürdü.
"Bu hücum ABŞ üçün tonun inanılmaz dərəcədə dəyişməsi deməkdir. Vaşinqton illərlə Hindistanın Rusiya ilə tarixi yaxın əlaqələrini görməzdən gəlir, onu Asiyada Çinə qarşı tərəfdaş kimi cəlb etməyə çalışırdı”, – deyə "Bloomberg” yazır.
Hindistan XİN nümayəndəsi Randhir Caysval isə cavabında bildirib: "Bizim müxtəlif ölkələrlə ikitərəfli münasibətlərimiz öz dəyərinə malikdir və üçüncü ölkənin prizmasından qiymətləndirilməməlidir”. O həmçinin təsdiqləyib ki, Moskva ilə strateji tərəfdaşlıq dəyişməyib.
Eyni zamanda Tramp iddia edib ki, Hindistan guya Rusiyadan neft almasını dayandırıb. Lakin "The New York Times” hökumətdəki mənbələrə istinadən bu məlumatı təkzib edib: Nyu-Dehli, sanksiya hədələrinə baxmayaraq, Rusiya enerji daşıyıcılarını almağa davam edəcək.
Diplomatik təzyiqlə yanaşı, Tramp iqtisadi tədbirləri də açıqlayıb: 1 avqustdan ABŞ Hindistandan idxal olunan mallara 25% rüsum tətbiq edir. O, "Truth Social”dakı paylaşımında həmçinin mümkün cərimədən danışaraq, Rusiyadan silah və neft alınmasını Ukraynada insanların ölümünü nəzərə alaraq qəbuledilməz adlandırıb.
Avqustun sonunda isə ABŞ nümayəndə heyətinin Hindistana ticarət sazişi üzrə danışıqlar üçün səfər edəcəyi gözlənilir – sərt bəyanatlara baxmayaraq, Vaşinqton hələ Nyu-Dehli ilə əlaqələri kəsmir.
UNIAN xatırladır ki, ABŞ prezidenti müşaviri Stiven Miller Hindistanı Rusiyadan neft almaqla Ukraynaya qarşı müharibəni maliyyələşdirməkdə günahlandırıb.
Bundan əvvəl Tramp Hindistanı yüksək gömrük rüsumlarına və Rusiya ilə ticarətinə görə cəzalandıracağına söz vermişdi. O, 1 avqustdan bu ölkəyə 25% rüsum tətbiq edəcəyini, həmçinin Rusiyadan enerji daşıyıcıları alınmasına görə əlavə cərimə tətbiq oluna biləcəyini bildirmişdi. "Bloomberg”in məlumatına görə, bu rüsumlar Nyu-Dehlinin regional tərəfdaşlar qarşısında imtiyazlı rejimə ümidlərini dağıdır.
Tramp həmçinin iddia etmişdi ki, guya Hindistan Rusiyadan neft almağı dayandıracaq. Lakin "The New York Times” xəbər verib ki, Trampın hədələrinə baxmayaraq, Hindistan Rusiya neftindən imtina etməyi planlaşdırmır.
Alpər
Şərhlər