Xəbər lenti

Yetkinləşməmiş valideynlərin yaralı uşaqları...
Ölkə 10:52 04.08.2025

Yetkinləşməmiş valideynlərin yaralı uşaqları...

Bu kitabı bir çoxlarımız oxumuşuq yəqin. Kitab iki hissəlidir və içində bir çox gözəl bilgilər var. Lakin, o bilgilər Qərbli biri tərəfindən yazıldığı üçün, Qərb aləmini özündə yansıdır. Məsələn, kitab Şərqli (özəlliklə bizim cəmiyyətimizdə) anaların övladlarının həyatını da yaşadığından danışmır.
 
Laqeydliyin, övladı öz yoxluğu ilə yükləməyin verdiyi travmalardan danışır. Şərqli analar bir az fərqlidir axı. Bizim analarımız bizim əvəzimizə də yaşayır. Bizlər də şahzadələr kimi qulluq edilməyə öyrəşirik. Yeməyimiz bişirilir, paltarımız yuyulur, yatağımız səliqəyə salınır. Bununla da yetmir, hansı rəngi sevməyimizə, hansı paltarı geyinməyimizə, kiminlə oynamağımıza da anamız qərar verir. Ürəkləri soyumur, seçdiyimiz peşəni, evləndiyimiz insanı da müəyyənləşdirirlər.
 
Bəs biz neynirik? Valideynlərimizin bizi iflicləşdirmə səviyyəsinə gətirdiyi üçün, onlardan asılı hala qalırıq, qarnımızın acıb acmadığını, doyub doymadığımızı, sevib sevmədiyimizi, uşaq dünyaya gətirib gətirməyəcəyimizi soruşub oyrənib əməl edirik.
 
Bəs necə? Valideynlərimiz bizim yerimizə o qədər ki, hər şeyə qərar verirlər, bir də baxırıq ki, bəs biz artıq birisinin təsdiqi olmasa, heç bir iş görə bilmirik.
 
Fəlakətimiz addım-addım başlayır. Gördüyümüz işdən birisi razı qalmadıqca biz də razı qalmırıq. Beləcə, asılı, aqressiv, natamam psixologiyada vətəndaşlar olaraq artıq başqalarının təsir dairəsinə düşməyə başlayırıq.
 
Axı ailəmiz bizim yanımızda nə qədər qalacaqlar ki? Universiteti var, sosial çevrəsi var, nə bilim dostu-tanışı var. Məsələn, ana öz qızını özündən o qədər asılı hala salır ki, qurulacaq ailədə qızın yox, ananın fikirləri səslənir.
 
Yəqin eşitməmiş olmazsınız (yaxud bəlkə siz özünüz beləsiniz) yoldaşının ailəsini var gücü ilə pisləyib öz ailəsini yücəldən gəlinləri... O gəlinlər bir zamanlar bir qadının qızı olub axı. İndi düşdüyü ailədə də anasının sözündən çıxa bilmir. Yaxud "mama uşağı” bəyləri də az görməzsiniz çevrənizdə. Anasından (nadirən atasından) boşanmağı bacarmadan özünə həyat yoldaşı seçir. Ehtimal ki, o həyat yoldaşını da anasının razılığı ilə seçmişdir. Daha sonra oğlan ən kiçik problemdə qaçır anasına, anasının fikrini almadan, razılığı olmadan heç bir məsələdə ailəsini idarə edə bilmir. Başlayır ailəiçi ciddi faciələr. Həyat yoldaşı öz ərindən qətiyyətli, müstəqil qərar verməsini tələb edir. Ana övladının öz təsir dairəsindən çıxmasını istəmir. Xoş, indi oğlanlarımız anaya itaət ilə sayğı arasındakı incə cizginin fərqinə varmadan davranırlar. Nəticədə olan ailə yapısına olur və cəmiyyət yavaş-yavaş özülünü itirir.
 
Cəmiyyəti ayaqda tutan, təməlini təşkil edən ən önəmli ünsür ailədir. Son statistik məlumata əsasən nikah sayı 409508 nəfər, boşanmalar isə 21384 nəfər olub.
 
Belə çıxır ki, hər iki ailədən biri dağılır. Oturub düşünürsən ki, niyə belədir? Gəlinləri dindirən kimi, ərlərindən şikayət üstünə şikayət edir. Bəyləri dindirirsən ən çox deyilən bəhanə arvadının xəyanət etməsi ucbatından boşandığını deyir. Diqqətlə baxaq: 20 il öncə evlənmiş ailələrdə belə bir problem yoxikən necə olur ki, bu gün ailələr dağılır axı? Deməli, bir yerdə bir yanlış var. Boşanmalar bu cəmiyyət üçün qınaq hədəfi idi, ancaq günümüzdə adi hala çevrilib. Mən babamla böyümüşəm və babam nənəmin ev ilə bağlı dediyi hər şeyi edərdi. "Arvadağamın könlü xoş olsun” deyərdi. Ailənin başı da ayağı da kişidir deyərdi. O zamanlar babamı anlamazdım, çünki Türkiyə toplumundan bir atalar sözü həkk olunmuşdu qulaqlarıma: "yuvanı dişi quş yapar”. Mən o zamanlar elə zənn edirdim ki, qadının vəzifəsidir yuvanı qurmaq və bunun üçün də qadın gərək hər möhnətə qatlaşmağa razılaşsın. Ancaq indi keçmiş insanların söhbətlərini xatırladıqca anlayıram məsələni. Yuvanı quran da yaşadan da kişidir. Kişinin öz avtoritesini qoymadığı, sevgisini göstərmədiyi yerdə ailə bir şəkildə dağılmağa məhkumdur. Namus məsələsinə aludə olub qızlarımızı o qədər boğmuşuq, oğlanlarımızı o qədər asudə buraxmışıq ki, hər ikisi də öz ixtiyarlarını əllərinə alan kimi, ilk etdikləri şey fanuslarını yırtıb çıxmaq olur. 

Ardı olacaq... 
 
Aynur Qəzənfərqızı, 
Folklorşünas alim

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->