Xəbər lenti

Ölkə 17:52 14.05.2025

"Tədris-film"in tələbələri ilə ARKA arasında yoxa çıxan 167 min manat qalmaqalı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində fəaliyyət göstərən"Tədris-film" kinostudiyasının tələbələri üçün ayrılan maliyyə vəsaitinin düzgün xərclənməməsi ilə bağlı faktlar üzə çıxıb. 

Bu barədə Qaynarinfo-ya sözügedən universitetin tələbələri məlumat verib.
 
Onlar ötən ilin iyununda tələbə filmlərinin istehsalına dəstək vermək üçün universitetin nəzdində fəaliyyət göstərən "Tədris-film" kinostudiyası ilə Kino Agentliyi arasında müqavilə bağlandığını bildirib. Müqaviləyə əsasən, 12 tələbə filminin istehsalına dövlət büdcəsindən 167 min manat ayrılıb. Sözügedən müqaviləni Agentlikdən keçmiş sədr Orxan Fikrətoğlu, "Tədris-film" kinostudiyasından direktor Elnur Mehdiyev imzalayıb.

Tələbələrin bildirdiyinə görə, 167 min manatdan "Tədris-film"ə 50 mindən bir qədər artıq pul köçürülüb. Və bu məbləğə 4 film təhvil verilib. Digər filmlər isə hələ hazır deyil. "Tədris-film"dən tələbələrə pulun ayrılması üçün zamana ehtiyac olduğunu vurğulayıblar. 

Filmlərin təhvili üçün tələbələrə bu ilin mayın 29-a kimi vaxt verilib. Və sonda "Tədris film"dən tələbələrə bildiriblər ki, nəzərdə tutulmuş maliyyə vəsaitini gözləməyin, verilməyəcək. Kim film çəkmək istəsə, öz şəxsi vəsaiti hesabına çəksin.

Tələbələrin sözlərinə görə, 50 minin müqabilində çəkilən filmlərlə bağlı ümumi hesabat Kino Agentliyinə təqdim olunmalıdır və bundan sonra tələbələrin işlərini tamamlaması üçün yerdə qalan məbləğ ödəniləcək.

Tələbələrin sözlərinə görə, hazır olan hər 4 filmə 2-3 min arası pul verilib. Bu da təxminən 12 min manat edir. Bəs 50 min manat vəsaitin qalan hissəsi hanı?

Ümumi götürəndə, 167 min manat 12 tələbə filmi üçün böyük məbləğdir. Əgər düzgün prodüser siyasəti olsaydı, bu məbləğə nəinki 12, 20 normal qısametrajlı tələbə filmi çəkmək olardı.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-Televiziya Sənətləri kafedrasının müdiri, "Tədris-film" kinostudiyasının baş direktoru Elnur Mehdiyev Qaynarinfo-ya açıqlamasında tələbələrin şikayətini haqsız adlandırıb:

"Tələbələr sizə şikayət etməklə özbaşınalıq ediblər. Yanlış məlumatdır. Çünki tələbə düşünür ki, əvvəlcədən maliyyə ayrılacaq və onlar da həmin pula film çəkməlidirlər. Amma "Tədris-film"in ARKA (Azərbaycan Respublikası Kino Agentliyi-red.) ilə müqaviləsinin şərtləri ayrıdır. Müqavilədə göstərilir ki, ancaq film çəkilib təqdim ediləndən sonra maliyyə ayrılmalıdır". 

Bəs nəzərdə tutulan senarilər, filmlər hansı maliyyə ilə çəkilməlidir?

Elnur Mehdiyev problemin buradan qaynaqlandığını əlavə edib:

"Mənim də davam bunun üstündə olub. Tələbə filmi necə və hansı pulla çəksin? Pul ancaq 5 film üçün ayrılıb. Biz 5 filmi çəkib təhvil verəndən sonra maliyyə ayrılıb. Növbəti layihələri də gərək çəkək ki, bizə pul ayrılsın. Burada anlaşılmayan məqamlar var. Mən həmişə demişəm ki, maliyyə yoxdursa, filmi necə çəkək? Biz inkişaf istəyiriksə, əvvəlcə maliyyə ayrılmalıdır. Maliyyə olmadan filmi necə çəkmək olar? Odur ki, mən müqavilə şərtlərinin dəyişilməsini istəyirəm. Amma hələ də müqavilə şərtləri dəyişilməyib. ARKA-ya yeni rəhbər təyin olunub, onunla görüşüb danışacağıq".

Redaksiyamıza sonradan zəng edən, ARKA-ın ötənilki müsabiqəsinin qaliblərindən biri - tələbə-kinerejissor Mirhafiz Həsənov bunları deyib:

"Biz filmi çəkib təqdim edəndən sonra mən qonararımı almışam. Bununla bağlı hər hansı problem yaşamadıq".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->