Amerikalı aktyor Robert De Niro 2025-ci il Kann kino festivalında kinematoqrafiya sahəsində həyat nailiyyətlərinə görə "Qızıl Palma Budağı” mükafatına layiq görülüb. Mükafat alarkən o, ABŞ prezidenti Donald Trampı sərt tənqid edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Variety” nəşri məlumat
yayıb.
Əfsanəvi aktyora mükafatı "Bu oğlanın həyatı. Həqiqi hekayə” və "Çiçək ayının qatiləri” filmlərindəki tərəf müqabili Leonardo Di Kaprio təqdim edib. Mükafatı aldıqdan sonra De Niro ABŞ demokratiyasının üzərini almış "təhlükədən” danışıb:
"Ölkəmdə bir zamanlar təbii qəbul etdiyimiz demokratiya uğrunda ümidsizcəsinə mübarizə aparırıq. Bu, burada olan hər kəsə təsir edir, çünki incəsənət demokratikdir. İncəsənət hər kəsi əhatə edir. İncəsənət insanları birləşdirir — məhz bu gün olduğu kimi. İncəsənət həqiqəti axtarır, müxtəlifliyi əhatə edir və məhz buna görə avtokratlar və faşistlər üçün təhlükə sayılır — biz təhlükə sayılırıq”.
Aktyor Trampın bir vaxtlar xaricdə istehsal olunan filmlərə tətbiq etmək istədiyi 100 faizlik tarifləri də xatırladıb. Tramp həmin vaxt qeyri-amerikan filmlərini "təhlükə” adlandırmışdı.
"Yaradıcılığa qiymət qoymaq mümkün deyil, amma görünür, rüsum tətbiq etmək mümkündür. Bu, əlbəttə ki, qəbuledilməzdir. Bu hücumların heç biri qəbuledilməzdir və bu, təkcə Amerikanın problemi deyil. Bu, qlobal problemdir. Filmlərdə olduğu kimi, sadəcə kənarda durub baxa bilmərik. İndi hərəkət etməliyik. Zorakılıqsız, amma böyük ehtiras və qətiyyətlə. Azadlığa biganə qalmayan hər kəs üçün artıq təşkilatlanmaq, etiraz etmək və seçkilərdə, təbii ki, səs vermək vaxtıdır. Bu axşam və növbəti 11 gün ərzində biz sənətə sədaqətimizi və gücümüzü bu möhtəşəm festivalda qeyd edəcəyik”, — deyə De Niro çıxışında bildirib.
78-ci Kann kino festivalı 13–24 may tarixlərində keçirilir. Festival Ukraynaya dəstək nişanəsi olaraq "Ukrayna Günü” ilə başlayıb. Həmin gün Fransa istehsalı olan İv Jolan, Liza Vapne və Ariane Şemenin çəkdiyi "Zelenski”, fransız-ukraynalı rejissorlar Bernar-Anri Levi və Mark Russelin "Bizim müharibə” filmi və Ukraynalı Oskar laureatı Mstislav Çernovun "Andriyivkaya 2000 metr” sənədli filmi təqdim olunub.
Alpər
Şərhlər