Dünyada uçan naməlum obyektlərə (UNO) və yerətrafı həyatın mümkünlüyünə maraq artdığı bir vaxtda, tanınmış fizik Stiven Hokinqin bu sahədəki illər öncəki xəbərdarlıqları yenidən aktuallaşıb. O, insanlığı yadplanetli sivilizasiyalarla təmas yaratmaq cəhdlərinin fəlakətə çevrilə biləcəyi barədə dəfələrlə xəbərdar etmişdi.
Qaynarinfo xəbər verir ki, "Mirror" nəşrinin yazdığına görə, Hokinq bu barədə 2018-ci ildə vəfat edənə qədər bir çox çıxışında bildirib. O, deyib kii, daha inkişaf etmiş yadplanetli mədəniyyətlərlə əlaqə qurmağa yönəlmiş cəhdlər insanlığın varlığını təhlükəyə ata bilər.
Alimin əsas narahatlığı ondan ibarət idi ki, əgər çox ağıllı bir yadplanetli irq Yer planetinə yaxınlaşsa, bizi tədqiq və əməkdaşlıq obyekti kimi deyil, talan ediləcək bir resurs mənbəyi kimi görə bilər.
"Əgər yadplanetlilər bir gün bizi ziyarət etsələr, nəticə Kolumbun Amerikaya ayaq basdığı zamanla eyni ola bilər – və bu, yerli xalqlar üçün yaxşı bitmədi", deyə o, 2010-cu ildə yayımlanan "Kainatda Stiven Hokinq ilə” sənədli filminin bir hissəsində bildirmişdi.
Hokinq hesab edirdi ki, inkişaf etmiş sivilizasiyaların təbiətcə dinc olmaları ilə bağlı fikirlər sadəlövhlükdür. Əksinə, tarix göstərir ki, daha güclü cəmiyyətlər zəif olanlarla qarşılaşdıqda, bu, daha çox işğal, kolonizasiya və istismar ilə nəticələnir, nəinki sülh və əməkdaşlıqla.
Onun fikrincə, ulduzlararası səyahət texnologiyasına sahib olan sivilizasiyalar, çox güman ki, artıq öz planetlərinin ehtiyatlarını tükətmiş və indi yeni mənbələr axtarışında olan kosmik səyyahlar olacaqlar. Belə bir şəraitdə Yer onlara potensial müttəfiq kimi deyil, zəbt olunacaq hədəf kimi görünə bilər.
Hokinq yerətrafı ağıllı həyatın axtarışını dəstəkləsə də, o, "dinləmək” və "əlaqə yaratmaq” arasında sərhəd qoyurdu. Məsələn, onun dəstəklədiyi Breakthrough Listen layihəsi mümkün siqnalların passiv şəkildə qəbulunu nəzərdə tutur. Ancaq Breakthrough Message və METI kimi proqramlar kosmosa aktiv siqnallar göndərməyi, yəni bəşəriyyətin varlığını "elan etməyi” təşviq edir.
Hokinq bu cür təşəbbüslərin əleyhinə idi. O bildirirdi ki, passiv müşahidə elmi baxımdan məntiqlidir, lakin fəal siqnal göndərmək – ciddi və məsuliyyətsiz bir riskdir:
"Sadəcə özümüzə baxmaq kifayətdir ki, intellektual həyatın nə ilə nəticələnə biləcəyini anlayasan və bu, heç də arzuladığımız görüş deyil".
Bu xəbərdarlıq hazırda UNO fenomeninə cəmiyyətin və hökumətlərin artan diqqəti fonunda daha da aktuallaşır.
Aydın
Şərhlər