Mayın 3-4-də Qubada keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunun püşkatma mərasimi baş tutub.
Tədbirdə Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri iştirak ediblər.
ACF-nin baş katibinin müavini, idman direktoru Kamran Talıbov çıxış edərək göstərilən etimada görə EJU-ya təşəkkürünü bildirib və bütün idmançılara uğurlar arzulayıb.
EJU-nun idman komissarı Albert Qmayner qurumun prezidenti Laslo Totun adından iştirakçıları salamlayıb, turnirin gənc cüdoçuların karyerasında mühüm rol oynayacağını vurğulayıb. O, yarışın təşkilindəki səylərinə görə ACF-yə minnətdarlığını ifadə edib.
Daha sonra çıxış edən EJU-nun hakimlər üzrə komissarı Vladimer Nutsubidze bildirib ki, Avropa Kubokunun görüşlərini 15 yerli və əcnəbi hakimlər idarə edəcəklər.
Qeyd edək ki, beynəlxalq turnirdə 11 ölkədən 354 cüdoçu (213 oğlan, 141 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq. Azərbaycanı yarışda 141 idmançı (100 oğlan, 41 qız) təmsil edəcək.
Şərhlər