Xəbər lenti

Paşinyanın yeni kursu: Sülh ritorikası, praqmatizm və regional hesablamalar (ŞƏRH)
Dünya 18:22 20.04.2026

Paşinyanın yeni kursu: Sülh ritorikası, praqmatizm və regional hesablamalar (ŞƏRH)

Ermənistanın baş naziri Nikol Paşinyanın iyun seçkiləri ərəfəsində təqdim etdiyi proqram ölkənin siyasi kursunda ideoloji transformasiyanın davamı kimi qiymətləndirilə bilər. Belə ki, hakim Vətəndaş Müqaviləsi Partiyasının platformasında əsas xətt "sülh gündəliyi" və "real Ermənistan" konsepsiyası üzərində qurulub. Bu yanaşma əvvəlki maksimalist siyasətdən fərqli olaraq daha praqmatik və mövcud resurslara uyğun idarəetmə modelinə keçidi ifadə edir. 

Paşinyanın 2021-2026-cı illəri əhatə edən hökumət proqramına istinad etməsi təsadüfi deyil. Bu, həm siyasi kursun ardıcıllığını nümayiş etdirməyə, həm də seçiciyə sabitlik mesajı verməyə hesablanıb. Ermənistan-Azərbaycan münasibətlərində normallaşmanın "yeni inkişaf mərhələsi" kimi təqdim olunması isə iqtisadi dirçəliş, regional kommunikasiyaların açılması və təhlükəsizlik risklərinin azalması ilə bağlı gözləntilərin siyasi dividendlərə çevrilməsi cəhdidir. 

"Real Ermənistan" konsepsiyası faktiki olaraq tarixi-siyasi iddialardan geri çəkilməni və dövlətin geosiyasi reallıqlar çərçivəsində inkişafını prioritetləşdirir. Bu yanaşma cəmiyyətə aydın mesaj verir - ölkənin gələcəyi ideoloji ambisiyalardan deyil, iqtisadi və institusional modernləşmədən asılıdır. 

Lakin bu strategiya daxili siyasi müstəvidə ciddi risklərlə müşayiət olunur. Müxalifət və radikal dairələr sülh gündəliyini güzəşt kimi təqdim edir və  bu mövqe seçki kampaniyasında əsas tənqid xəttinə çevrilir. Bu baxımdan, Paşinyanın qarşısında duran əsas vəzifə yalnız sülh kursunu təşviq etmək deyil, həm də artan daxili narazılığı idarə etməkdir. Nəticə etibarilə, Paşinyanın seçki strategiyası iki paralel istiqamətə söykənir-xarici müstəvidə normallaşma və beynəlxalq legitimliyin gücləndirilməsi, daxildə isə sabitlik və iqtisadi transformasiya vədi. Bu  kursun uğuru həm seçkilərin nəticəsindən, həm də sülh prosesinin real dinamikasından birbaşa asılı olacaq. 

Azərbaycan üçün bu siyasətin potensial nəticələri əsasən geosiyasi və iqtisadi müstəvidə qiymətləndirilir. İlk növbədə, sülh gündəliyinin önə  çıxması regionda uzunmüddətli sabitlik ehtimalını artırır ki, bu da təhlükəsizlik risklərinin azalmasına xidmət edir. Eyni zamanda, kommunikasiya xətlərinin açılması perspektivi - xüsusilə regional nəqliyyat marşrutlarının bərpası - Azərbaycanın tranzit rolunu gücləndirə və iqtisadi imkanlarını genişləndirə bilər.

Digər tərəfdən, Ermənistanın normallaşma xəttini qəbul etməsi Azərbaycanın beynəlxalq mövqelərini də möhkəmləndirir. Bu, Bakının post-münaqişə nizamlanmasında konstruktiv tərəf kimi imicini gücləndirən amildir. Bununla yanaşı, risklər qalmaqdadır. Paşinyanın daxili siyasi təzyiqlər fonunda kursunu dəyişməsi və ya proseslərin ləngiməsi ehtimalı istisna olunmur. Bu səbəbdən Azərbaycan üçün əsas məsələ sülh bəyanatlarının deyil, onların praktik və davamlı nəticələrə çevrilməsidir.

Siyasət şöbəsi
--> -->