Xəbər lenti

İran-ABŞ danışıqları niyə dalana dirəndi? (ŞƏRH)
Dünya 15:42 20.04.2026

İran-ABŞ danışıqları niyə dalana dirəndi? (ŞƏRH)

İran ABŞ-la danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb. 

Rəsmi Tehran bildirib ki, qərarın səbəbi Vaşinqtonun həddindən artıq tələbləri, qeyri-real gözləntiləri, mövqelərdəki davamlı dəyişikliklər, təkrarlanan ziddiyyətlər və atəşkəsin pozulması kimi qiymətləndirilən dəniz blokadasının davam etməsidir. 

Mövzunun pərdəarxası məqamlarını siyasi şərhçi Azər Hüseynov Qaynarinfo-nun suallarına cavabında izah edib. 

- İranın ABŞ ilə danışıqların ikinci mərhələsində iştirakdan imtina etməsinin əsas səbəbləri nələrdir?  
- İranın bu qərarı bir neçə paralel amilin üst-üstə düşməsi ilə bağlıdır. İlk növbədə, Tehran son təcrübəyə əsaslanaraq Vaşinqtonun sabit və proqnozlaşdırıla bilən siyasət yürütmədiyini düşünür. Bu da belə bir qənaəti gücləndirir ki, ABŞ-la əldə olunan razılaşmalar uzunmüddətli təminata malik deyil və daxili siyasi dəyişikliklərdən asılı olaraq asanlıqla dəyişdirilə bilər. Digər tərəfdən, ABŞ daxilində İran siyasəti ilə bağlı vahid yanaşmanın olmaması diqqət çəkir. Müxtəlif siyasi dairələr arasında fərqli mövqelərin mövcudluğu Vaşinqtonun qeyri-müəyyən və parçalanmış xətt izlədiyi təəssüratını yaradır. Bu isə danışıqlarda qarşı tərəfin  real niyyətlərinə dair şübhələri artırır.

Regional faktorlar da mühüm rol oynayır. Xüsusilə İsraillə ABŞ arasındakı strateji tərəfdaşlıq İran tərəfindən danışıqların obyektivliyinə kölgə salan amil kimi qiymətləndirilir. Netanyahu hökumətinin İranın nüvə proqramına qarşı sərt mövqeyi və Vaşinqtona təsir imkanları Tehranda belə bir fikir formalaşdırır ki, ABŞ müəyyən mərhələlərdə kompromislərdən geri çəkilə bilər. Bununla yanaşı, İran özünü daha geniş geosiyasi  qarşıdurmanın tərkib hissəsi kimi görür. Rusiya və Çinlə yaxınlaşma fonunda Tehran Qərbə qarşı alternativ güc balansının formalaşdığını düşünür. Bu baxımdan, danışıqlara tələsmək əvəzinə mövcud vəziyyətdən maksimum istifadə etmək daha məqsədəuyğun sayılır. 
 


Eyni zamanda, İranın daxili siyasi sistemi də bu qərara təsir edir. ABŞ-la münasibətlər yalnız xarici siyasət deyil, həm də ideoloji və legitimlik məsələsidir. Hakim elita üçün həddindən artıq kompromis daxili siyasi balanslara mənfi təsir göstərə bilər. Buna görə də danışıqlarda sərt və ehtiyatlı mövqe saxlanılır. Tehran həmçinin hesab edir ki, ABŞ bəzən danışıqlardan vaxt qazanmaq vasitəsi kimi istifadə edir – bu müddətdə ya sanksiya mexanizmlərini davam etdirir, ya da regiondakı mövqelərini möhkəmləndirir. Bu şübhə İranın növbəti mərhələyə keçməkdə tərəddüd etməsinə səbəb olur. 

- İranın Vaşinqtonu "qeyri-real gözləntilər” və "mövqelərdəki ziddiyyətlər”də ittiham etməsi danışıqların gələcəyinə necə təsir göstərə bilər? 
- İran hesab edir ki, qarşı tərəfin maksimalist tələbləri real deyil və bu şərtlər daxilində razılaşma əldə etmək çətindir. Bu səbəbdən Tehran mümkün yeni qarşıdurma mərhələsinə hazırlaşır. Müəyyən mənada bu vəziyyət Qəzzada İsrail və HƏMAS arasında baş verən prosesləri xatırladır-atəşkəsdən sonra yenidən toqquşmaların başlanması kimi. İran düşünür ki, belə bir ssenaridə onun imkanları daha geniş ola bilər.  Çünki ABŞ daxilində vahid mövqe yoxdur, Çin Vaşinqtonun zəifləməsində maraqlıdır, Avropa gücləri isə Yaxın Şərqdə təsir imkanlarını artırmağa çalışır.

Eyni zamanda, ehtimal olunan yerüstü müharibə halında İranın proksi qüvvələrinin də prosesə qoşulacağı istisna edilmir. ABŞ daxilində də belə bir  müharibəni istəməyən qüvvələrin olduğu qeyd olunur. 

- İranın qeyd etdiyi dəniz blokadası və atəşkəs pozuntuları regiondakı vəziyyətə necə təsir edə bilər? 
- Əgər ABŞ milli maraqlarını qorumaq üçün hərbi eskalasiyadan yayınmağa üstünlük versə, bu, danışıqlarda ortaq məxrəcə gəlmək ehtimalını artıra bilər. Lakin İsrailin təsiri ilə Vaşinqton daha sərt addımlar atarsa və yerüstü əməliyyatlar başlayarsa, proses uzunmüddətli və ağır humanitar nəticələrlə müşayiət oluna bilər. Ümumilikdə, yerüstü müharibə  ssenarisi İraq və Əfqanıstan təcrübəsini xatırladır. Bu təcrübə göstərir ki, belə münaqişələr sonda ABŞ-ın regiondakı mövqelərinin zəifləməsinə gətirib çıxara bilər. Nəticədə isə ərəb ölkələrinin yeni geosiyasi dayaqlar axtarması ehtimalı artır.

Siyasət şöbəsi
--> -->