Xəbər lenti

Dünya 12:14 05.08.2025

"Mitsubishi" bu ölkə üçün 6,5 milyard dollarlıq hərbi gəmilər hazırlayacaq

Avstraliya, donanmasına yeni hərbi gəmilərin tikintisi üçün açdığı təxminən 6,5 milyard ABŞ dolları dəyərindəki tenderin qalibi olaraq Yaponiyanın "Mitsubishi Heavy Industries" (MHI) şirkətini seçdiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Avstraliyanın müdafiə naziri Riçard Marls paytaxt Kanberrada keçirdiyi mətbuat konfransında tenderin nəticələrinə dair bəyanat verib.

Marls Yaponiya ilə imzalanacaq sazişin iki ölkə arasında indiyə qədərki ən böyük müdafiə sənayesi əməkdaşlığı olacağını bildirib.

Avstraliyanın müdafiə sənayesi naziri Pet Konroy isə Yaponiyanın "Mogami" sinifli freqatlarının "maliyyət, qabiliyyət və təhvil təqviminə uyğunluq baxımından aydın fərqlə üstün" olduğunu vurğulayıb.

Beləliklə, "Mitsubishi Heavy Industries" şirkətinin "Mogami" sinifli freqatları Almaniyanın "Thyssenkrupp Marine Systems" (TKMS) şirkətinin "MEKO A-200" sinifli gəmilərini geridə qoyaraq təxminən 6,5 milyard dollarlıq tenderin qalibi olub.

Saziş çərçivəsində Avstraliyanın köhnəlmiş "ANZAC" sinifli freqatlarını əvəz edəcək 11 yeni hərbi gəmi inşa olunacaq. Bu gəmilərdən ilk üçü Yaponiyada istehsal ediləcək və birincisi 2030-cu ildə Avstraliya donanmasının tərkibində xidmətə başlayacaq. Qalan 8 gəmi isə Avstraliyada tikiləcək.

Avstraliya və Yaponiya hökumətləri ilə "Mitsubishi Heavy Industries" şirkəti arasında müqavilə danışıqları başlayıb və yekun razılaşmanın 2026-cı ildə tamamlanması planlaşdırılır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->