Xəbər lenti

Küçələr zibillə dolub, işıqlar sönür, təhsil dayanıb - Kubada həyat durdu
Foto 17:50 18.02.2026

Küçələr zibillə dolub, işıqlar sönür, təhsil dayanıb - Kubada həyat durdu

ABŞ hökumətinin enerji tədarükünü məhdudlaşdırmaq istiqamətində artan təzyiqləri nəticəsində Kubada yanacaq qıtlığı hər gün yeni bir böhran nöqtəsinə çevrilir. 

Qaynarinfo xəbər verir ki, Kuba xalqı qida, yanacaq və elektrik çatışmazlığı ilə yaşamaq mübarizəsi aparır. Paytaxt Havana küçələrində zibillər yığılıb. Şəhərlər gecələr tam qaranlığa bürünür. Enerjiyə qənaət məqsədilə məktəblərdə təhsilə ara verilir, dövlət işçiləri məcburi məzuniyyətə göndərilir. Digər tərəfdən, Kuba xarici işlər naziri Bruno Rodrigez heyəti ilə birlikdə bu gün Moskvaya gəlib.

Yanacaq tədarükünün kəsilməsi ilə ölkədə nəqliyyatdan təmizliyə, təhsildən sənayəyə qədər demək olar ki, bütün fəaliyyətlər dayanma nöqtəsinə gəlib. Paytaxt Havana başda olmaqla ölkə üzrə hiss edilən yanacaq qıtlığı, dövlət xidmətlərini də iflic edib.

Enerji böhranının ən dramatik görüntüsü Havana küçələrində müşahidə olunur. Şəhərdəki zibil maşınlarının böyük bir hissəsi yanacaq çatışmazlığı səbəbindən işləyə bilmir və nəticədə küçələr zibillə dolub. "Cubadebate"nin məlumatına görə, Havandakı 106 zibil maşınından yalnız 44-ü işlək vəziyyətdədir. Şəhər sakinlərindən Jose Ramon Kruz bildirib ki, zibil maşınları günlərlə gəlib çıxmır: "Şəhərin hər yerində eyni mənzərə var. On gündən artıqdır ki, zibil yığılmır".

Bu problem yalnız paytaxtla məhdudlaşmır. Təxminən 11 milyon əhalisi olan adanın digər bölgələrində də oxşar görüntülər mövcuddur. Sosial mediada yayılan paylaşımlarda yığılan tullantıların ictimai sağlamlıq üçün risk yaratdığı xəbərdarlığı edilir. Küba hökuməti isə qida, yanacaq və dərman çatışmazlığı ilə mübarizə aparan ölkədə əsas xidmətləri qorumaq üçün enerji istifadəsinə məhdudiyyətlər tətbiq edib. Zibil yığımı kimi xidmətlər isə yanacaq prioritetinin xəstəxanalar və elektrik istehsalı müəssisələrinə verilməsi səbəbindən ikinci plana keçib.

Ölkədə enerji qənaəti məqsədilə çoxsaylı məktəblərdə təhsilə ara verilib, dövlət işçilərinin bir qismi ödənişsiz məzuniyyətə göndərilib. Otellər doluluq səviyyəsinin aşağı düşməsi səbəbindən bağlanıb. Bəzi uçuşlar ləğv edilib. Birləşmiş Krallıq və Kanada vətəndaşlarına xəbərdarlıq edib ki, lazım olmadıqca Kubaya səfər etməsinlər. Mədən şirkəti "Sherritt International" isə yanacaq qıtlığı səbəbindən nikel və kobalt istehsalını dayandırdığını açıqlayıb.

Küçələrdə ən çox danışılan mövzulardan biri elektrik kəsintiləridir. Havanda gecələr geniş ərazilər qaranlığa bürünür.

Qida ehtiyacının böyük hissəsini idxaldan təmin edən ada, tədarük zəncirinin kəsilməsi ilə aclıq təhlükəsi ilə də üzləşib. Bəzi xüsusi idxalçılar, gündəlik elektrik kəsintiləri səbəbindən soyuducu anbarları işlədə bilmədikləri üçün fəaliyyətlərini dayandırıblar.

ABŞ prezidenti Donald Trump 1 fevral tarixində Kuba ilə neft tədarükünün tənzimlənməsi üzrə danışıqların başladığını elan etmişdi, lakin Kuba bunu təkzib etmişdi. Kuba prezidenti Migel Diaz-Kanel 6 fevralda açıqlamasında ABŞ-ın ölkəsinə tətbiq etdiyi neft blokadasına işarə edərək deyib:

"Keçən dekabr ayından bəri xaricdən heç bir yanacaq ala bilmədik. Böyük bir gücün kiçik bir ölkəyə qarşı bu qədər aqressiv və cinayət xarakterli siyasət yürütməsi pislənməlidir. Bu, bizi tamamilə boğmaq deməkdir. Müqavimət göstərməsək nə edəcəyik, təslim olacağıqmı?"

Bu gün Kuba xarici işlər naziri Bruno Rodrigez heyəti ilə birlikdə Moskvaya gəlib. Görüşün əsas gündəm mövzusu yanacaq böhranı olacaq.

Aydın
--> -->