Amerikalı müğənni Keti Perri britaniyalı aktyor Orlandо Blumla münasibətlərinə son verdikdən sonra Kanadanın sabiq baş naziri Castin Trüdo ilə birgə görüntülənib.
Qaynarinfo xəbər verir ki, bu barədə TMZ portalı əldə etdiyi videoya istinadən məlumat yayıb.
Bildirilib ki, cütlük Monreal şəhərində yerləşən dəbdəbəli Le Violon restoranında axşam yeməyində iştirak edib.
"Ketinin söhbətə maraqla qulaq asdığı, bəzən masa üzərindən əyilərək diqqətlə dinlədiyi müşahidə olunurdu", deyə nəşr qeyd edir.
Hadisə şahidlərinin sözlərinə görə, Keti Perri və Castin Trüdo birlikdə kokteyl içib, aralarında xərçəngli yemək olmaqla bir neçə təamı bölüşüblər. Axşam yeməyi zamanı restoranın baş aşpazı da onlara yaxınlaşıb, yeməkdən sonra isə Perri və Trüdo mətbəxə keçərək personalın işinə şəxsən təşəkkür ediblər.
Hazırda Keti Perri Kanadada konsert turundadır və Orlandо Blumla ayrıldıqdan sonra azad həyatın dadını çıxarır. Castin Trüdo isə 2023-cü ildə, 18 illik evlilikdən sonra həyat yoldaşı Sofidən rəsmi şəkildə boşanmışdı.
TMZ xəbər verir ki, bu görüşün romantik bir tanışlıq, yoxsa sadəcə dostcasına bir axşam yeməyi olduğu hələ ki bəlli deyil.
Xatırladaq ki, bir müddət əvvəl Keti Perri və Orlandо Blumun rəsmi olaraq ayrıldıqları, bu barədə cütlüyün nümayəndələrinin təsdiqlədiyi açıqlama yayılmışdı.
Aydın
Şərhlər