Xəbər lenti

Kanadanın baş naziri Ukraynanın təhlükəsizliyi üçün əsas zəmanəti açıqladı
Dünya 14:37 23.08.2025

Kanadanın baş naziri Ukraynanın təhlükəsizliyi üçün əsas zəmanəti açıqladı

Ukraynanın təhlükəsizliyi üçün ən yaxşı zəmanət güclü Ukrayna ordusudur və bu ordu dəstəklənməlidir. 

Qaynarinfo xəbər ki, bunu Kanadanın baş naziri Mark Karni bildirib.

"İstənilən təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusundan başlamalıdır. Söhbət silahlanmadan, hazırlıqdan, dözümlülükdən gedir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın təhlükəsizliyi hərtərəfli olmalıdır – quruda, dənizdə və havada.

"‘İstəklilər koalisiyası”na üzv olan dövlətlər bütün bu elementləri dəstəkləmək imkanına malikdirlər. Görəcəyik, Kanada bu geniş qrup çərçivəsində hansı rolu oynayacaq”, – deyə Karni əlavə edib.

Baş nazir bildirib ki, Kanada Ukraynanın gələcək təhlükəsizlik zəmanətlərinin müzakirəsində fəal iştirak edir və "potensial olaraq mühüm rol oynaya bilər”. Onun sözlərinə görə, ABŞ-ın Ukraynanın təhlükəsizliyinin təmin olunmasında iştirakı mütləqdir.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin hansı təhlükəsizlik zəmanətlərini real olaraq ala biləcəyini açıqlamışdı. Onun sözlərinə görə, əgər müttəfiqlər Ukraynaya maliyyə dəstəyi və silah versələr – bu, "heç də az deyil”. Zelenski həmçinin ABŞ prezidenti Donald Trampdan ölkəsinin təhlükəsizlik zəmanətlərində iştirakına dair müsbət siqnal aldığını bildirmişdi və "bu, digər dövlətlərin də qoşulmasına imkan açır”.

NATO-nun baş katibi Mark Rütte isə dünən Kiyevdə olarkən Ukraynanın təhlükəsizlik zəmanətlərinə hazırlıq aparıldığını deyib. Onun sözlərinə görə, tərəfdaşlar hazırda bu zəmanətlərin məzmununu müəyyənləşdirirlər. O, Zelenskiyə müraciətlə bildirib ki, Vladimir Putinlə danışıqlara başlamaq vaxtı çatanda Ukraynanın prezidenti biləcək ki, onun arxasında "dostlarının gücü dayanır və bu güc Rusiyanı imzaladığı sazişə əməl etməyə məcbur edəcək və bir daha Ukraynanın heç bir kvadrat metr torpağına toxunmağa cəsarət etməyəcək”.

Bu arada ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri üzrə "yükü daşımalı” deyil, bunun əvəzinə Avropa ölkələri xərclərin "aslan payını” ödəməlidirlər. "Bu, onların qitəsidir, bu, onların təhlükəsizliyidir və prezident açıq şəkildə bildirib: burada irəli addımlamalı olanlar onlardır”, – deyə Vens vurğulayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->