Son illərdə dünyada və xüsusilə də bir çox inkişaf etməkdə olan ölkələrdə evlilik anlayışına münasibət dəyişməkdədir. Evlilik artıq bir məcburiyyət deyil, bir seçimdir. Müasir insanın evliliyə münasibəti daha fərqlidir. Əvvəllər sosial və ailəvi bir normaya çevrilmiş evlilik institutu artıq gənc nəslin gözündə eyni statusa sahib deyil. Bu dəyişikliyin nəticəsi olaraq, evlənənlərin sayı azalır, bu isə dolayısı ilə boşanma statistikasına da təsir edir.
Yaxın 15 - 20 il ərzində, xüsusilə böyük şəhərlərdə evlənənlərin sayında kəskin azalmalar olacaq. Gənclər arasında aparılan sorğular göstərir ki, artıq bir çox insan evliliyi həyatın məcburi bir mərhələsi kimi görmür. Karyera, şəxsi inkişaf, maddi sabitlik və sərbəst həyat tərzi kimi faktorlara daha çox üstünlük verilir. Sosial media, fərdi azadlıqların təbliği və ənənəvi ailə modelinə alternativ həyat tərzlərinin yayılması da bu tendensiyanı gücləndirir.
Əgər evlənənlərin sayı azalırsa, bu, təbii olaraq boşanma hallarının da sayında nisbi azalma yaradacaq. Çünki rəsmi nikaha girənlər azaldıqca, ayrılıq da daha çox qeyri-rəsmi münasibətlərin bitməsi ilə nəticələnəcək və statistikalarda yer almayacaq. Bu, boşanma sayının azalması kimi görünə bilər, amma əslində ailə institutunun zəifləməsinin bir göstəricisidir. Burada bir çox amillərin təsiri önə çıxacaq. Gənclər üçün onlardan əvvəlki nəslin, valideynlərinin həyatı bir modeldir. Gənclər görürlər ki, artıq ailə kitablarda yazıldığı kimi bir məfhum deyil. Dövrün maddi sıxıntıları da bunu təşviq edən amildir deyə bilərik.
Müasir insanın prioritetləri çox fərqlidir, yəni bizim atamızdan, babamızdan duymadığımız şeyləri duyur və görür bizim övladlarımız. Müasir insan üçün emosional bağlar qədər, şəxsi azadlıq da önəmlidir. Gənclər evlilikdən qorxmur, sadəcə onun gətirdiyi məsuliyyət və məhdudiyyətləri istəmirlər. Ailə qurmaq artıq bir məqsəd deyil, bir seçimdir. Və bu seçim, getdikcə daha az insan üçün cazibədar görünür.
Zaman keçdikcə boşanmaların sayı azala bilər, amma bu, ailə dəyərlərinin möhkəmləndiyinə işarə etmir. Əksinə, bu, cəmiyyətin evlilik anlayışından uzaqlaşmasının və fərdi həyat tərzinin ön plana çıxmasının nəticəsidir. Bu dəyişikliklər sosial struktura və gələcək nəsillərin yetişmə modelinə təsir göstərə bilər. Evliliyin gələcəyi isə, bəlkə də, tamamilə yeni bir forma alacaq.
Hüquqşünas Həsən Həsənov
Şərhlər