“Qırmızı cizgi”: Tramp ABŞ-ın hansı halda danışıqlardan çıxacağını açıqladı
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukraynadakı müharibəni dayandırmaq üçün ABŞ-ın "çox yaxşı şansları” var.
Qaynarinfo xəbər verir ki, lakin NBC News-a verdiyi müsahibədə o, ABŞ-ın sülh danışıqlarından çıxmaq qərarını nə vaxt verə biləcəyi barədə konkret cavabdan yayınaraq, bu məsələni açıq qoyub.
Ondan "qırmızı xəttin” nə olduğu, yəni "bitdi, biz danışıqlardan çıxırıq” deməyə səbəb olacaq məqamın nə ola biləcəyi soruşulduqda, Tramp belə cavab verib:
"Bilirsən... Yəni bəlkə də hansısa anda bunu deyəcəyəm... Mən bunu deyə bilmərəm... Ola bilsin ki, bu (müharibəni başa çatdırmaq – UNİAN) mümkün deyil”.
Tramp əlavə edib ki, "bu iki şəxs (Putin və Zelenski – UNİAN), bəzi əsgər və generallar arasında böyük nifrət var”. Eyni zamanda ABŞ lideri bildirib ki, "müharibəni dayandırmaq üçün çox yaxşı şanslarımız var”.
Jurnalist ondan soruşub ki, əgər Tramp hərbi məlumat və kəşfiyyat məlumatlarının ötürülməsini tam dayandırmaq qərarına gəlsə, bu, prosesi sürətləndirə bilərmi?
Tramp isə cavabında deyib: "Mən indi bunu demək istəmirəm. Bu haqda danışmaq hələ tezdir. Mən bu mübahisəyə girmək istəmirəm”.
Xatırladaq ki, daha əvvəl Donald Tramp bəyan etmişdi ki, əgər Kreml sülh sazişi istiqamətində irəliləməyə hazır olduğunu sübut etməsə, senator Lindsi Qremin Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini imzalaya bilər.
O həmçinin bildirib ki, Rusiya Ukraynanın bir hissəsini yox, "bütün ölkəni” istəyir:
"Rusiya bütün Ukraynanı istəyir. Əgər mən müdaxilə etməsəydim, onlar indi Ukraynanın tamamı uğrunda döyüşürdülər. Rusiyanın hazırda sahib olduğu hissəyə ehtiyacı yoxdur. Rusiya bütün Ukraynanı istəyir. Və əgər mən olmasaydım, onlar davam edərdilər”, – deyə Tramp vurğulayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər