Dünən gecə saatlarında Rusiyada 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Bu zəlzələ yerli vaxtla saat 00:33-də baş verib və Quba, Xınalıq, Qusar, Bakı, Sumqayıt və digər şəhərlərdə 3–4 bal gücündə hiss olunub. Sosial şəbəkələrdə yayılan məlumata görə, bundan narahat olan Bakı sakinlərinin əksəriyyəti yaşadığı evi tərk edib və səhərə kimi həyətdə qaldıqlarını bildiriblər.
Bakı binaları zəlzələyə davamlıdırmı?
Əmlak eksperti Elnur Fərzəliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, yalnız Bakı-Abşeron ərazisində 11 minə yaxın istismar müddəti bitmiş köhnə tipli çoxmənzilli yaşayış binaları və yüz minlərlə tikinti normalarına uyğun gəlməyən, bir-birinə çox sıx tikilmiş fərdi yaşayış evləri var:
"Bundan əlavə, Bakı və Abşeron ərazisində artıq aidiyyəti qurumlar tərəfindən qəzalı kimi qeydə alınmış köhnə tipli yaşayış binaları mövcuddur. Hər hansı ciddi zəlzələ və ya təbii fəlakət baş verərsə, həmin binaların uçma təhlükəsi daha böyükdür. Sıx şəkildə tikilmiş məhəllələrdə isə yanğın və ya zəlzələ zamanı insan itkisi və dağıntıların miqyası digər yerlərə nisbətən daha çox ola bilər. Artıq Bakı şəhərinin Baş Planı təsdiqlənib. Bu plana uyğun olaraq köhnə, xüsusilə də qəzalı vəziyyətdə olan yaşayış binalarının və paytaxtın xarici görünüşünə xələl gətirən istismar müddəti bitmiş evlərin söküntüsü prosesi aparılır".
Ekspert xatırladıb ki, Bakıda ciddi zəlzələlər çox nadir hallarda baş verir:
"Ən son güclü zəlzələ 2000-ci ilin əvvəlində qeydə alınmışdı. O zaman bəzi yaşayış binalarına müəyyən zədələr dəymişdi. Həmin dövrdən sonra Azərbaycanda Əsrin Neft Müqaviləsi imzalandı. Bunun nəticəsində dənizdə və ətraf ərazilərdə neft hasilatı zamanı yeraltı təkanlara səbəb ola biləcək qazların çıxarılması riskləri azaldı. Bu baxımdan ölkəmizdə zəlzələ təhlükəsi daha aşağıdır".
Regionlara gəlincə, ekspert kiçik yeraltı təkanların mütəmadi qeydə alındığını vurğulayıb:
"Bakı şəhərində zəlzələnin episentri daha çox dəniz ərazisinə düşdüyündən paytaxt çox vaxt təhlükədən kənarda qalır. Lakin hər halda bu tip hadisələrə hazırlıqlı olmaq vacibdir. Ən əsas məsələ – qəzalı vəziyyətdə olan köhnə binaların təcili sökülərək yeniləri ilə əvəzlənməsi və ya həmin ərazilərdə yaşayanların köçürülməsidir. Əks halda, təbii fəlakət zamanı uçqunlar və insan itkisi qaçılmaz olacaq".
Elnur Fərzəliyev əlavə edib ki, yeni tikili binaların çoxu sıxlıqla tikildiyindən, hər hansı zəlzələ və ya yanğın zamanı insanların evakuasiyası çətinləşə bilər:
"Bəzi ərazilərdə binaların sıx tikilməsi, yolların ensizliyi, avtomobillərin küçələrdə parklanması təcili yardım və yanğınsöndürən maşınların hərəkətinə də ciddi mane olur. Gələcəkdə belə bir təbii fəlakət baş verərsə, evakuasiyanın mümkünsüzlüyü səbəbindən bizi çox böyük problemlər gözləyir".
Bahar Rüstəmli
Şərhlər