Rusiya və ABŞ Qərbi Afrikada siyasi və hərbi nüfuz uğrunda rəqabəti gücləndirir. ABŞ-ın "American Enterprise Institute” nəzdində fəaliyyət göstərən "Critical Threats Project” analitik mərkəzinin hesabatına əsasən, Moskva regionda əlaqələrini möhkəmləndirməklə kifayətlənmir, həm də onları daha da genişləndirmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, məlumat "Newsweek” nəşrində dərc olunub.
Analitiklər bildirir ki, Rusiya Səhil Dövlətləri Alyansı – Mali, Niger və Burkina-Faso ilə tərəfdaşlığını gücləndirib və indi isə dənizə çıxışı olmayan bu müttəfiqlərinə dəstək üçün Togo sahilində yerləşən Atlantik limanına çıxış əldə etmək istəyir.
Vaşinqtonun narahatlığı
Toqonun həm Rusiya, həm də ABŞ-la əməkdaşlıq etmək istəməsi Moskvanın bu ölkədə nüfuzunu artırmaq cəhdlərini daha təhlükəli edir. ABŞ Dövlət Departamentindən "Newsweek”ə bildirilib:
"Rusiyanın Saheldə məsuliyyətsiz və istismarçı fəaliyyəti mülki əhalinin əziyyət çəkməsinə, yerli narazılıqların artmasına və terrorçuların daha asan cəlb edilməsinə səbəb olur. Biz bütün ölkələri Rusiyanın müdafiə sektoru ilə əməkdaşlıqdan çəkinməyə çağırırıq”.
Ukrayna müharibəsinin nəticələri Afrikaya yönələ bilər
Tədqiqat müəlliflərindən biri olan "Critical Threats Project”in Afrika qrupu rəhbəri Liam Karr qeyd edib ki, əgər ABŞ administrasiyasının istədiyi kimi Ukraynada sülh əldə olunarsa, Rusiya Qərbi Afrikada mövcudluğunu daha da artıracaq:
"Əgər sabah Ukraynada sülh baş versə, Kreml yüz minlərlə hərbçini evə qaytarmaq məcburiyyətində qalacaq ki, bu da çətin qərardır. Ən asan variant həmin qüvvələri Afrikada yerləşdirmək olacaq. Bu isə Rusiyaya qitədə daha çox təsir gücü verəcək”.
"Newsweek” yazır ki, Rusiya-Ukrayna müharibəsindən qayıdan rus əsgərləri arasında zorakılıq və cinayətlərin sayı kəskin artıb. Bu səbəbdən Rusiya üçün həmin qüvvələri Afrikada yerləşdirmək daha "praktik” bir həll yolu kimi görünür.
ABŞ-ın məhdudiyyətləri Rusiyaya üstünlük verir
Analitiklər qeyd edir ki, ABŞ qanunvericiliyi demokratiya və insan haqları sahəsində pis göstəriciləri olan Sahel ölkələrinə hərbi yardımın məhdudlaşdırılmasını tələb edir. Bu isə Rusiya üçün əlavə manevr imkanları yaradır.
ABŞ Dövlət Departamenti bildirir ki, Vaşinqton region ölkələri ilə "praqmatik yanaşma” əsasında əməkdaşlıq edir və ABŞ maraqlarını qorumaq üçün terrorizmə qarşı birgə mübarizəni əsas prioritet hesab edir.
Liam Karrın sözlərinə görə, Mali, Burkina-Faso və Nigerdə Rusiyanın təsiri ABŞ-dan daha güclüdür, lakin Qərbi Afrika sahilində Vaşinqtonun daha köklü tərəfdaşlıqları mövcuddur: "Bu səbəbdən bu ölkələr hər iki tərəf arasında tarazlıq yaratmağa və ən sərfəli şərtləri əldə etməyə çalışacaqlar”.
Aydın
Şərhlər