Xəbər lenti

Dünya 13:46 27.08.2025

"Trampa Rusiya və Ukrayna arasında sülh lazımdır, şərtlər onu maraqlandırmır" - Ekspert

"Trampa nəyin bahasına olursa-olsun sülh lazımdır. Bunun Ukraynanın ərazi, resurs itkiləri hesabına başa gəlib gəlməyəcəyi Trampı zərrə qədər də düşündürmür".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ prezidenti Donald Trampın sanksiyalar və gömrük rüsumlarını yalnız Rusiya deyil, habelə Ukraynaya qarşı da tətbiq edə biləcəyi fikrini şərh edərkən deyib. 

"Tramp özünü tarixləşdirmək, Nobel sülh mükafatı almaq istəyir. Ona görə də nəyin bahasına olursa-olsun Ukraynada sülhə nail olmağa çalışır. Bu səbəbdən də hər iki tərəflə şillə-qoğal siyasəti yürüdür. Bir tərəfdən, pressinq edir, bir tərəfdən vədlər verir, bir tərəfdən də sözdələşməyə getməyə çalışır", deyə ekspert bildirib. 
 


Təhlilçi qeyd edib ki, Trampın Nobel sülh mükafatı almasına doğru gedən yolda əsas "40-cı qapının açarı" Ukrayna-Rusiya müharibəsinin səngidilməsidir:

"Lakin bu istiqamətdə Tramp əvvəldən taktiki səhvlərə yol verib. İşğala məruz qaln Ukraynanı daha çox suçladı və Rusiyaya dəstək verdi. Bu da Putini daha da ruhlandırdı".

Həmsöhbətimiz Trampla Putin arasında sövdələşmənin olması ehtimalını da istisna etmir: 

"Bu yaxınlarda Tramp özü, Putin və Avropa liderləri arasında sövdələşmənin ola biləcəyinin bəyan edib. Bu da onu göstərir ki, Tramp əsasən atəşkəs və sülhdən yanadır. Onun üçün nəticə əsasdır. Ona görə də Ukrayna ilə də hədə dililə danışır. Trampın hərəkətlərində ardıcıllıq yoxdur. O, gah Rusiyaya dəstək verir, gah da bu ölkəyə hədə-qorxu gəlir".

Üzeyir Şəfiyev deyib ki, Zelenski istəsə belə, Trampın şərtlərilə masada otura bilməz:

"Rəy sorğuları göstərir ki, Ukrayna xalqı ərazi itkilərinə getmək niyyətində deyil. Zelenskini başqası ilə əvəzləsələr belə, məqsədlərinə çata bilməyəcəklər. Deməli, Kiyevlə sanksiya dililə danışmaq Tramp üçün səhv taktikadır. Ona ancaq dəstək verilməlidir. Obyektiv arbitr rolunda çıxış etməmək Trampı sülh hədəfindən uzaqlaşdıracaq".

Konfliktoloqa görə, diplomatik balansı qorumaq üçün Tramp Rusiya ilə yanaşı, Ukraynaya da sanksiya tətbiq edəcəyini bildirib:

"Məqsəd tərəfləri dasaya oturtmağa vadar etməkdir".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən iclasda Vaşinqtonun sanksiyalar və gömrük rüsumlarını yalnız Rusiya deyil, Ukraynaya qarşı da tətbiq edə biləcəyinə işarə vurub. Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski də "günahsız deyil”, çünki Ukraynadan sülh istiqamətində açıq irəliləyiş müşahidə olunmur. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->