ABŞ prezidenti Donald Tramp 18 avqust, bazar ertəsi axşamı Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski və bir sıra Avropa liderləri ilə görüşəcək. Gündəliyin mərkəzində – sülh sazişi və Kremlin tələbləri dayanır.
Qaynarinfo xəbər verir ki, bu sözlər "Bloomberg”in xəbərində yer
alır.
Agentliyin danışıqların təşkili ilə tanış mənbələrinə görə, Tramp bu görüşdən Alyaskada Vladimir Putin ilə müzakirə etdiyi potensial sülh sazişinin şərtlərini dəqiqləşdirmək üçün istifadə etmək niyyətindədir.
Mənbələrin sözlərinə görə, ABŞ diqqəti Rusiyanın tələb etdiyi ərazi güzəştlərinə, Kiyev isə mümkün təhlükəsizlik zəmanətlərinə yönəldəcək.
Avropa müttəfiqləri isə narahatdır: onların Trampın tələblərinə qarşı çıxmaq imkanları məhduddur, üstəlik, Putinin doğrudan da sülh istədiyinə şübhə ilə yanaşırlar. Daha bir çətinlik Trampın özü ilə bağlıdır – o, tez bir nəticə istəyir, amma bunun necə əldə ediləcəyini açıq izah etməyib.
Mənbələrin bildirdiyinə görə, Tramp telefon danışıqları zamanı ABŞ-ın Ukraynanın təhlükəsizliyinə zəmanət mexanizmlərində iştirakına açıq şəkildə razı olduğunu deyib. O həmçinin müttəfiqlərə bildirib ki, qısa müddətdə razılaşmaya nail olmaq istəyir və bunun üçün Kiyevi razı salmağa çalışacaq. Tramp Zelenski və Putinin bir həftə ərzində görüşməsini istəyir. Lakin Avropa liderləri bu müddəti çox sərt hesab edir, çünki hələ çoxlu məsələlər açıq qalır.
Bloomberg yazır ki, Tramp telefon zənglərində Putinə dair danışıqlarının bəzi elementlərini açıqlasa da, ətraflı məlumat verməyib. Yüksək vəzifəli Avropa diplomatları isə qapalı söhbətlərdə narazılıqlarını dilə gətirərək, Putinin Alyaska sammitindən ən çox fayda götürən tərəf kimi göründüyünü deyiblər.
Xatırladaq ki, Zelenski artıq Tramp ilə görüş üçün Vaşinqtona gedib. Bu xəbərlər fonunda Tramp sərt açıqlama verərək bildirib ki, Zelenski ərazi güzəştlərinə getsə, müharibəni "demək olar dərhal” dayandıra bilər.
"Bloomberg”in qeyd etdiyi kimi, Zelenski indi çətin seçim qarşısındadır: ya Donald Tramp ilə açıq qarşıdurmaya getmək riski, ya da Ukrayna üçün ərazi itkilərinə səbəb ola biləcək və gələcəkdə Moskvaya üstünlük verəcək bir sazişi qəbul etmək.
Alpər
Şərhlər