Xəbər lenti

Soyuq evlər ürək üçün riskdir - Mütəxəssislər xəbərdarlıq edir
Ölkə 16:44 17.02.2026

Soyuq evlər ürək üçün riskdir - Mütəxəssislər xəbərdarlıq edir

Fevral ayında evin temperaturunun 19 dərəcədən aşağı salınması sağlamlıq üçün ciddi risklər yarada bilər.

Qaynarinfo xəbər verir ki, Britaniya Ürək Fondunun (BHF) yaydığı yeni sağlamlıq bələdçisində bildirilir ki, xüsusilə fevral ayında termostat 19 dərəcədən aşağı salınmamalıdır. Bu həm də ciddi ürək-damar xəstəlikləri riskinin olmasına səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, soyuq və rütubətli hava şəraitində mənzildə temperaturun aşağı olması həm hava keyfiyyətini pisləşdirir, həm də ciddi sağlamlıq riskləri yaradır.

Fond qeyd edir ki, ev temperaturunun 19 dərəcə və ya daha yüksək səviyyədə saxlanılması divarlarda və əşyalarda kondensasiyanın qarşısını alır. Bu isə kif və zərərli bakteriyaların yaranma riskini azaldır. Qurum xəbərdarlıq edir ki, kifayət qədər havalandırılmayan evlərdə daxili hava çirkliliyi bəzən küçə havası qədər təhlükəli ola bilər.

Təlimatda qeyd edilir ki, çirkli havadakı mikrohissəciklər ağciyərlər vasitəsilə qana keçərək ürəyə çatır. Bu proses damarların zədələnməsinə, laxtalanma riskinin artmasına və arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər. Eyni zamanda ürəyin ritmində pozğunluqlar yarada bilər.
Mütəxəssislər bildirirlər ki, xüsusilə ürək və qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən şəxslər üçün aşağı temperatur və çirkli hava infarkt və insult riskini artırır.

Sağlam ev mühiti üçün aşağıdakı tövsiyələr edilir:

Odun və kömür əvəzinə elektrik və ya qazla işləyən isitmə sistemlərindən istifadə etmək;
Sprey formalı kimyəvi təmizləyicilərdən uzaq durmaq və müntəzəm olaraq tozu təmizləmək;
Yemək bişirərkən və duş qəbul edərkən aspiratordan istifadə etmək;
Gün ərzində otaqları bir neçə dəfə havalandırmaq;
Şam yandırıldıqda otağı mütləq havalandırmaq.

Qurum vurğulayıb ki, fevral ayında ev temperaturunun 19 dərəcədən aşağı salınması sağlamlıq üçün ciddi risklər yarada bilər.

Günay
--> -->