Xəbər lenti

Səssiz efir: Azərbaycanın region TV-ləri peyk yayımında niyə yoxdur?
Ölkə 19:10 30.07.2025

Səssiz efir: Azərbaycanın region TV-ləri peyk yayımında niyə yoxdur?

"Regional televiziya kanalları və internet platformalarının hələ də peyk vasitəsilə yayıla bilməməsi bir sıra sistemli məsələlərlə bağlıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında internet üzrə ekspert Elvin Abbasov Azərbaycanda fəaliyyət göstərən çoxsaylı regional telekanallar və internet televiziyaların peyk vasitəsilə yayımlanma imkanına malik olmamasının səbəblərindən danışarkən deyib.

Elvin Abbasov bildirib ki, "Azerspace-1" və "Azerspace-2" peykləri Azərbaycanın milli telekommunikasiya və informasiya təhlükəsizliyi sahəsində mühüm infrastruktur elementləridir:

"Bu peyklərin mövcudluğu ölkəyə peyk üzərindən yayım, data ötürülməsi və digər kommersiya xidmətləri göstərmək imkanı verir. Lakin bu potensiala baxmayaraq, regional televiziya kanallarımız və internet platformalarının hələ də peyk yayımına inteqrasiya oluna bilməməsi bir sıra sistemli məsələlərlə bağlıdır".
 


Ekspertin dediyinə görə, mövcud vəziyyətin yaranmasında infrastruktur və texniki hazırlığın zəif olması, maliyyə resurslarının məhdudluğu öz sözünü deyir:

"Birincisi, peyk yayımı texniki baxımdan yalnız siqnal ötürülməsi deyil - uplink avadanlıqları, siqnal sabitliyi, siqnalın kodlaşdırılması və yayım lisenziyaları kimi tələbləri özündə birləşdirən kompleks bir prosesdir. Bu isə infrastruktur və texniki hazırlıq tələb edir. İkincisi, peykdə yayım üçün müəyyən trafik və transponder resursları ödənişli əsasla təqdim olunur. Bu da maliyyə resursları məhdud olan regional və yerli media qurumları üçün real maneəyə çevrilir".

Həmsöhbətimiz qeyd edir ki, müasir informasiya təhlükəsizliyi çağırışları fonunda milli məzmunun yayımında ölkəyə məxsus peyk infrastrukturunun istifadə səviyyəsinin artırılması strateji əhəmiyyət daşıyır. Bu səbəbdən, ekspertin fikrincə, regional kanalların "Azerspace" üzərindən yayımlanması üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində subsidiyalı modellərin, texniki dəstək mexanizmlərinin və mərhələli keçid planlarının hazırlanması məqsədəuyğun olardı:

"Bu yanaşma həm peyk resurslarının daha effektiv istifadəsini təmin edər, həm də informasiya sahəsində mərkəzləşməni azaldaraq medianın regionlar üzrə balanslı inkişafına şərait yaradardı".

Qeyd edək ki, Azərbaycanda çoxsaylı regional televiziya kanalları, internet televiziyalar fəaliyyət göstərsələr də, hələ də onların mütləq əksəriyyəti peyk vasitəsilə yayımlanma imkanından məhrumdur. Halbuki, Azərbaycanın iki kosmik peyki fəaliyyət göstərir. 2013-cü ilin fevralında ilk kosmik peykimiz "Azerspace1" və bir neçə il sonra isə ikinci kosmik peykimiz "Azerspace2" peyki orbitə buraxılıb. Regional kanallarımızdan yalnız "Naxçıvan TV" prezidentin ötən ilki fərmanından sonra bu yaxınlarda "Azerspace1" peyki vasitəsi ilə yayıma başlayıb. Regional kanallarımızdan ikisi musiqi kanalı "Ayaz TV" və "İsmayıllı TV" bir neçə ay öncə "Türksat" peyki vasitəsi ilə yayıma başlayıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->