"Bu, SEPAH-ın növbəti uydurmasıdır. Bu cür dezinformasiya ilə istər Zəngəzur dəhlizinə nəzarət etmək və ya regiona gəlmək istəyən xarici güclər, istərsə də Azərbaycan və Türkiyə üçün guya çəkindirici olmaq istəyirlər. Ona görə də bu cür uydurmaları ortaya atırlar".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri İranın Zəngəzur dəhlizi ərazisinə nəzarəti faktiki olaraq öz əlinə alması barədə bu ölkə mətbuatında yer alan yazını şərh edərkən deyib.
Ekspert qeyd edib ki, deyilən 120 km-lik layihəni qısa müddətdə həyata keçirmək həm İran, həm də Ermənistanın maliyyə imkanları xaricindədir:
"Tehran ciddi şəkildə susuzluqdan əziyyət çəkir. Yaxın perspektivdə insanların su ilə təminatında böyük böhran yaşanacaq. Bununla bağlı hər hansı çıxış yolu da tapılmır. Belə problemlər fonunda, habelə İsraillə 13 günlük müharibə kontekstində İranın özünün təhlükəsizliyi baxımından strateji ballistik raketlərini istehsal edən müəssisələr və məhv olmuş qurğuların yerinin doldurulmasının çətin məsələ olduğu bir zamanda 120 kilometrlik yol layihəsini qısa müddətdə həyata keçirə bilməyəcəklər. Belə bir layihənin Ermənistan maliyyəsilə həyata keçirilməsindən ümumiyyətlə söhbət getmir. Söhbət İranın onu həyata keçirməsindən gedir ki, Tehran da hələlik bunu bir fikir olaraq ortaya atıb".
Politoloq deyib ki, hər şey İranın istəyi ilə həll olunmur:
"Ona görə də bu məsələni ciddi qəbul etmirəm".
Qeyd edək ki, "SEPAH Pasdaran" "Telegram" kanalının iddiasına görə, İran əvvəllər NATO və sionist strukturlar tərəfindən regiona təzyiq vasitəsi kimi baxılan Zəngəzur dəhlizi adlanan əraziyə nəzarəti faktiki olaraq öz əlinə alır. Onların dediyinə görə, uzunluğu 120 kilometr olan Təbriz-İrəvan strateji layihəsi qısa müddət ərzində həyata keçirilərək, İranı Ermənistanla birbaşa əlaqələndirəcək. Hətta bildirirlər ki, guya bu marşrut Tehranın mövqeyini möhkəmləndirməklə yanaşı, NATO və İsrailin Sünikdə möhkəmlənmək cəhdlərinə ciddi maneə yaradacaq: "Çünki Ermənistan üzərinə hərəkət etməzdən əvvəl onlar İranla üz-üzə gəlməli olacaqlar".
Rüfət Sultan
Şərhlər