Xəbər lenti

Sabah püskürmə baş verə bilər: Sakit Okeanın dərinliklərindəki sualtı vulkan oyanır
Dünya 14:25 09.05.2025

Sabah püskürmə baş verə bilər: Sakit Okeanın dərinliklərindəki sualtı vulkan oyanır

ABŞ-ın Oreqon ştatı sahillərinə yaxın ərazidə, Sakit okeanın dərinliklərində yerləşən Aksial adlı sualtı vulkan yenidən aktivləşmə əlamətləri göstərir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" məlumat yayıb.

Aksial vulkanı okean səthindən bir kilometrdən artıq dərinlikdə yerləşir. O, Sakit okean və Xuan-de-Fuka tektonik plitələrinin ayrıldığı isti nöqtədə – Xuan-de-Fuka silsiləsi boyunca yerləşir. Bu zonada plitələrin ayrılması nəticəsində magma yuxarı qalxır və bu da vulkanın ətrafında kiçik zəlzələlərin sayının artmasına səbəb olur.

ABŞ Milli Elmi Fondunun Okean Müşahidə İnkişafı Təşəbbüsünün tədqiqatçıları hesab edir ki, seysmik aktivliyin artması yaxın zamanda püskürmənin baş verəcəyinə işarədir.

Vaşinqton Universitetinin dəniz geofiziki Uilyam Vilkok bildirib ki, hal-hazırda gündə yüzlərlə zəlzələ qeydə alınır, lakin bu, 2015-ci il püskürməsindən əvvəl müşahidə olunan səviyyədən xeyli azdır. Onun sözlərinə görə, püskürmə 2025-ci ilin sonu ilə 2026-cı ilin əvvəlləri arasında, yaxud elə sabah da baş verə bilər:

"Bu tamamilə proqnozlaşdırıla bilməzdir, sabah da baş verə bilər".

Alimlər qeyd edir ki, vulkanın sualtı olması səbəbilə bölgədə minlərlə kiçik zəlzələ ola bilər. 2015-ci ildə baş verən püskürmə zamanı 24 saat ərzində 10 min zəlzələ qeydə alınmış, bir ay davam edən magma axını okean dibi boyunca 40 kilometrə qədər iz buraxmışdı.

Aksial vulkanın altındakı magmatik kamera zaman-zaman çökmüş və bu da "kaldera" adlandırılan dərin, enli hövzənin yaranmasına səbəb olmuşdur.

"Səssiz partlayış": püskürmə insanlara təsir etməyəcək

Mütəxəssislər bildirir ki, bu kimi püskürmələr yerüstündə yaşayan insanlar üçün təhlükə yaratmır. Vaşinqton Universitetinin dəniz geologiyası və geofizikası üzrə professoru Kelli bildirib:

"Bu, çox da partlayıcı bir hadisə deyil. Suyun üzərində kül buludları görməyəcəksiniz. Bu, sanki Kilauea vulkanının üstünə bir mil dərinliyində dəniz suyu tökülməsi kimidir. Kiçik bir fəvvarə ola bilər, vəssalam".

Tədqiqatçılar əlavə edirlər ki, vulkanın ətrafında yerləşən hidrotermal mənbələr soyuq suya minerallarla zəngin mayelər buraxır. Bu proses mikrob həyatının inkişafına səbəb olur və bu "qar təmizləyicilər" adlandırılan təbii fenomen yaradır. Püskürmələr nəticəsində bu canlılar müvəqqəti olaraq yox olsa da, ekosistem bir neçə ay ərzində yenidən bərpa olunur.

Kelli bu prosesi belə qiymətləndirib:

"Düşünürəm ki, bu, bizim əldə etdiyimiz ən böyük kəşflərdən biridir. Həyat bu çətin mühitdə də inkişaf edir və vulkanlar okeanlarımızda həyatın əsas mənbələrindən biri ola bilər".

Alimlər, əvvəlki püskürmələrin 1998, 2011 və 2015-ci illərdə yanvar-aprel aylarında baş verdiyini nəzərə alaraq, növbəti püskürmənin də məhz bu aylarda olacağını ehtimal edirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->