Rusiya mədəniyyət naziri Olqa Lyubimova Papa XIV Levin taxta çıxma mərasimində iştirak etmək üçün Romaya gedə bilməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, nazirin səfəri hava marşrutunun razılaşdırılmaması səbəbindən baş tutmayıb. Rusiya nümayəndə heyətinə isə onun əvəzinə Rusiyanın Vatikan üzrə səfiri İvan Soltanovski rəhbərlik edib.
Mərasim bu gün Vatikan şəhərində baş tutub. Yeni pontifik Papa hakimiyyətinin rəmzlərini qəbul etdikdən sonra onun rəsmi papalıq dövrü başlanıb. Tədbirə 156 ölkə və beynəlxalq təşkilatdan nümayəndə heyətləri qatılıb. Onların arasında təxminən 30 dövlətin başçısı da olub. Dəvət olunanlar arasında ABŞ-ın vitse-prezidenti Cey Di Vəns və Ukrayna prezidenti Volodimir Zelenski də yer alıb.
Qeyd edək ki, XIV Lev (dünyəvi adı Robert Prevost) 8 mayda başa çatan konklaq nəticəsində Roma-katolik kilsəsinin başçısı seçilib. O, ABŞ-dan olan ilk papa kimi tarixə düşüb.
Aydın
Şərhlər