Xəbər lenti

Rusiya bütün qüvvələrini iki şəhərin ələ keçirilməsinə cəmləyib – ISW təhlili
Dünya 13:14 03.11.2025

Rusiya bütün qüvvələrini iki şəhərin ələ keçirilməsinə cəmləyib – ISW təhlili

Rusiya bütün diqqətini Ukraynanın iki şəhərini — Pokrovsk və Mirnoqradı ələ keçirməyə yönəldib, eyni zamanda Konstantinovka istiqamətində hücumların intensivliyini azaldıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutu (ISW) cəbhədəki vəziyyəti təhlil edərkən yazır.

Analitiklərin qeyd etdiyinə görə, Rusiya qoşunları Pokrovsk və onun ətrafında hücum əməliyyatlarını gücləndirməkdə davam edir — məqsəd şəhəri ələ keçirmək və Ukrayna qüvvələrinin "cib” mövqelərini məhv etməkdir. Bildirilir ki, son vaxtlar bu cəbhə istiqamətində hər iki tərəf müəyyən taktiki uğurlar əldə edib.

Belə ki, 1 noyabrda yayılan kadrlar Rusiya qüvvələrinin Pokrovskun cənub-şərq hissəsində irəliləyişini göstərir. 2 noyabrda yayılan digər görüntülər isə Ukrayna qüvvələrinin Pokrovskun şimal hissəsində iki rus əsgərinə zərbə endirdiyini göstərir. ISW-nin qiymətləndirməsinə görə, bu əməliyyat diversiya xarakteri daşıyıb və nə əraziyə, nə də ön cəbhə xəttinə nəzarətə ciddi təsir göstərməyib.

Eyni zamanda, rus hərbi bloqerləri iddia edirlər ki, Rusiya qüvvələri Pokrovskun şimal-şərqinə, mərkəzi və cənub hissəsinə, Mirnoqradın şimal və cənub-şərqinə, eləcə də Qnatovka və Roqa kəndlərinin cənubuna doğru irəliləyiblər. Bununla yanaşı, rus mənbələri bildirir ki, Ukrayna Silahlı Qüvvələri Pokrovskun şimal-şərqində yerləşən Zatışka kəndinin şimalında bəzi əraziləri geri alıblar.

ISW qeyd edir ki, Rusiya qüvvələri, çox güman, Konstantinovka–Drujkivka taktiki istiqamətindəki hücum əməliyyatlarının prioritetini azaldaraq diqqəti Pokrovsk və Mirnoqradın tam ələ keçirilməsinə yönəldib.

"Pokrovsk istiqamətində fəaliyyət göstərən ukraynalı zabit bildirib ki, Rusiya qüvvələri 27 oktyabrda baş vermiş uğursuz mexanizə edilmiş hücumdan sonra Konstantinovka istiqamətində hücumların intensivliyini azaltdı. 1 noyabrda rusiyalı hərbi bloqer qeyd edib ki, Moskva, yəqin ki, Konstantinovkanın ələ keçirilməsi üzrə genişmiqyaslı əməliyyatları bərpa etməzdən əvvəl Pokrovsk və Mirnoqradın tutulmasına üstünlük verəcək”.

Pokrovsk istiqamətində fəaliyyət göstərən bir ukraynalı batalyon komandiri bildirib ki, rus hücum bölmələri şəhərdə Ukrayna dayaq məntəqələrindən yan keçmək və arxa cəbhəyə sızmaq üçün marşrutlar axtarır. Eyni zamanda, digər rus bölmələri — dron və ya artilleriya heyətləri, yaxud da zəif təlim keçmiş piyada birləşmələri — bu dayaq məntəqələrini məhv etməyə çalışır.

Komandir əlavə edib ki, rus qüvvələri təlimsiz əsgərləri hücuma göndərir ki, onlar Ukrayna dronlarının və artilleriyasının atəşini öz üzərinə çəksin, bundan sonra isə yaxşı təlim keçmiş hücum piyadaları bu atəş mövqelərinə yaxın döyüşdə daxil olmağa çalışır.

"O bildirib ki, rus qoşunları mütəmadi olaraq eyni marşrutlardan hücum edir və bu da onlara böyük itkilər bahasına başa gəlir”, — deyə ISW analitikləri vurğulayıblar.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->