Xəbər lenti

Orqan köçürülməsi: yüzlərlə xəstə növbədə, ekspertlər çıxış yollarını göstərir
Sağlamlıq 14:51 01.08.2025

Orqan köçürülməsi: yüzlərlə xəstə növbədə, ekspertlər çıxış yollarını göstərir

(Yazı "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə hazırlanıb)

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən verilən məlumata görə, bu gün Azərbaycanda orqan köçürülməsi üçün 910 nəfər növbə gözləyir.
910 nəfər arasında böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transplantasiyası üçün növbədə olanlar var. Məlumata əsasən, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.

Böyrək transplantasiyası üçün növbə gözləyənlərdən 18-i uşaq, 280 nəfəri böyükdür. Bununla yanaşı, qaraciyər transplantasiyası üçün 5 uşaq, 118 böyük, sümük iliyi transplantasiyası üçün 371 uşaq, 93 böyük, buynuz qişa transplantasiyası üçün isə 2 uşaq və 23 böyük hazırda növbə gözləyir.
 


Transplantasiya prosesinin sürətləndirilməsi yolları

Tibbi ekspert Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bütün dünyada transplantasiyaya ehtiyacı olan xəstələr illərlə orqan gözləyirlər:

"Orqanları bağışlayırlar. Amma bu bəs etmir, gərək hüceyrələr uyğun gəlsin. Bundan əlavə, orqan verilməsi növbə ilədir. Gərək növbə də çatsın, sistem belə işləyir. Sistemlə bağlı belə təklif vermək olar: İnsanları orqanlarını bağışlamağa təşviq etmək lazımdır. Məsələn, ailəsinə pul mükafatı verilə bilər, ya da həyat sığortalarına hansısa bənd salına bilər. İnsanlar anlamalıdır ki, öləndə orqanlar xarakterindən asılı olaraq bir müddət yaşaya bilir. Bu isə kiminsə həyatını qurtara bilər".

Ekspert təəssüflə qeyd edib ki, ölkəmizdə mental olaraq ölülərin patoanatomlar tərəfindən yarılmasına qarşı çıxılır:

"Amma bütün dünyada bu, qəbul edilmiş bir praktikadır. Yarılarsa, orqanlarından istifadə etmək olar. Sadəcə insanları bu məsələdə maddi cəhətdən maraqlandırmaq lazımdır. Bir sağlam böyrək 25-30 min, qaraciyər 180-200 min dəyərindədirsə, buna gedilə bilər. Sadəcə mərhumun ailəsini dəfndən əvvəl patoanatomik müayinə və orqan çıxarılmasına razı salmaq lazımdır".

Müşfiq Hüseynov həmçinin bildirib ki, hər bir ölkədə orqanlar bağışlanır və dövlət bu prosesə nəzarət edir:

"Məsələn, mən bağışladım. Dövlət mənim ölümümə nəzarət edir, ölüm faktından sonra patoanatomik müayinə aparıb, sağlam orqanları çıxartmalıdır. Yəni, qanunun işləməsindən öncə bütün ölüm faktlarını pataloji müayinəyə göndərmək lazımdır. Bunu bəlkə də məcburi etmək lazımdır. Yoxsa heç bir mərhumun ailəsi könüllü bunu etməyəcək. Qarşısına ya maddi, ya da qanun qoyulmalıdır".

Transplantasiyanın inkişafı üçün institut və beynəlxalq əməkdaşlıq lazımdır

Tibbi ekspert, həkim Abdulla Şıxlinski isə Azərbaycanda ayrıca Transplantologiya İnstitutunun olmadığını vurğulayıb:

"Dünyanın çox ölkələrində Elmi-Tədqiqat Transplantologiya İnstitutları var. Orada elmi-tədqiqatlar aparılır və prosesin tezləşdirilməsinə kimi məsələlərə baxılır. Onların hər biri öyrənildikdən sonra elmi əsaslarla səhiyyə orqanlarına təqdim olunur. Bunun da əsasında transplantasiya tezləşir, insanlar illərlə gözləmir. Əməliyyatların tezləşdirilməsi üçün elmi cəhətdən əsaslı şəkildə bir mərkəzə ehtiyac var, elmi-tədqiqat institutu açılmalıdır".

Abdulla Şıxlinski qeyd edib ki, Azərbaycanda xəstələrin daha çox böyrək və qaraciyər köçürülməsinə ehtiyacı var:

"Hər ikisi də həyati vacib orqandır. Əhalinin əksər hissəsində C hepatiti var. Bu virusun dirilməsi sayəsində qaraciyər sirrozu başlayır. Doğrudan da bu gün Azərbaycanda nə qədər xəstəyə orqan köçürüləcəyini bilmirik. Çünki bu gün nə qədər xəstəyə orqan köçürülməsi ilə bağlı statistika gizli saxlanılır. Bu, ümumi beynəlxalq zəncirdə olan bir sistemdir.

Məsələn, 5 xəstəyə ürək köçürülməlidir. Ürəklərin Azərbaycanda olması vacib deyil, başqa ölkələrdən də gətirilə bilərlər. Buna görə beynəlxalq razılaşma tələb olunur. Məndə olan məlumata görə, transplantologiya üzrə başqa ölkələrlə razılaşma yoxdur. Bunun olmadığından transplantologiya prosesi ləngiyir. Beynəlxalq miqyasda bu prosesi qabağa aparan sistem yoxdur ki, lazım olanda tək Azərbaycandan deyil, digər ölkələrdən də orqan gətirə bilsinlər".
 


Həkim ekspert Azərbaycanda transplantasiyanın sürətli aparılmasının iki yolunu açıqlayıb:

"Birincisi, Elmi-Tədqiqat Transplantologiya İnstitutu yaradılmalıdır. İkincisi, beynəlxalq sistem qurulmalıdır. Bu, asan məsələ deyil. Azərbaycanda sümük iliyinin köçürülməsi yoxdur. Sümük iliyi yüksək səviyyədə ancaq Almaniyada həyata keçirilir. Avropanın başqa ölkələrindən belə xəstələri Almaniyaya göndərirlər. Azərbaycanda böyrək köçürülməsinin əsasını mərhum Mir Əhməd Cavadzadə qoyub. Rəhmətə gedib. Bu gün əməliyyatların aparılmasında onun tələbələrinin rolu böyükdür".
 
Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->