Bazar ertəsi, 22 dekabr səhər saatlarında Moskvanın cənubunda avtomobil partlayışı baş verib. Hadisə nəticəsində sürücü ağır yaralanıb. İlkin məlumatlara görə, insident zamanı yüksək rütbəli general zərər çəkmiş ola bilər.
Qaynarinfo xəbər verir ki, Rusiyanın "Baza”, "Mash” və "112” teleqram kanallarının məlumatına əsasən, partlayış təxminən saat 07:00-da Orexovo-Borisovo rayonunda, Yaseneva küçəsində yerləşən yaşayış binasının yaxınlığındakı dayanacaqda qeydə alınıb.
Sürücü avtomobillə bir neçə metr irəlilədikdən sonra "Kia Sorento” markalı maşın partlayıb. Detonasiya nəticəsində yaxınlıqda olan digər avtomobillər də zədələnib.
Məlumata görə, sükan arxasında 56 yaşlı kişi olub. O, ayaqlarından qəlpə yaraları və üz sümüyünün sınığı ilə son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sərnişinin şəxsiyyəti isə hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Bununla belə, sosial şəbəkələrdə yaralananın Rusiya ordusunun general-mayoru, Silahlı Qüvvələrin əməliyyat hazırlığı idarəsinin rəisi Fanil Sarvarov ola biləcəyi barədə məlumatlar yayılıb. "Dojd” telekanalının məlumatına görə, sızdırılmış məlumat bazaları Sarvarovun adına 2013-cü il istehsalı "Kia Sorento” avtomobilinin qeydiyyatda olduğunu göstərir – partlayan maşının da məhz bu model olduğu bildirilir. Bundan başqa, Sarvarova partlayışın baş verdiyi ərazidə, Yaseneva küçəsində yerləşən mənzilin dörddə bir hissəsi məxsusdur.
Fanil Sarvarov 1992–2003-cü illərdə Çeçenistanda və osetin-inquş münaqişəsində, 2015–2016-cı illərdə isə Rusiya ordusunun Suriyadakı əməliyyatlarında iştirak edib.
Partlayışın səbəbləri ilə bağlı Rusiya rəsmiləri hələlik açıqlama verməyiblər. Eyni zamanda SHOT teleqram kanalı avtomobilin altına yerləşdirilmiş partlayıcı qurğu versiyasının nəzərdən keçirildiyini bildirir. Məlumata görə, partlayıcı hərəkətə başladıqdan bir neçə saniyə sonra işə düşüb.
Qeyd edək ki, daha əvvəl, dekabrın 1-də Yeni Moskva ərazisində "Qrad Moskovskiy” yaşayış kompleksinin yaxınlığında "Land Cruiser 200 Prado” markalı avtomobil partladılmışdı. Həmin avtomobilin sahibi Rusiyanın raket texnologiyaları üçün hədəfləmə sistemlərinin hazırlanması ilə məşğul olan şəxs idi.
Bildirilir ki, partlayış dalğası bir neçə mənzilin şüşələrini sındırıb. Avtomobil dərhal alovlanaraq tamamilə yanıb, lakin içərisində heç kim olmayıb.
Alpər
Şərhlər