Xəbər lenti

İcbari sığorta onkoloji xəstələri əhatə etmir – İllərin ağır problemi yenidən gündəmdə
Sağlamlıq 19:55 06.11.2025

İcbari sığorta onkoloji xəstələri əhatə etmir – İllərin ağır problemi yenidən gündəmdə

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstələrin müalicəsində istifadə olunan dərman vasitələri ilə bağlı çağırış edib.

Deputat "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında bu dərmanların çox baha olduğunu bildirib:

"İcbari tibbi sığorta ilə əhatə olunan dövlət proqramlarının tərkibində onkoloji xidmət yoxdur. Büdcədən ayrılan vəsait də bu xəstələrin adekvat müalicəsi üçün yetərli deyil. Bu xəstələri müasir səviyyədə effektli müalicə etmək üçün target və immunterapiya dərman vasitələrinə ehtiyac duyulur. Bu dərman vasitələrininü qiyməti isə kifayət qədər yüksəkdir. Çünki bu preparatlar olmadan onkoloji xəstələrin adekvat müalicəsi mümkün deyil. Bütövlükdə onkologiyanın problemi bu dövlət proqramının icbari dövlət sığortası ilə əhatə olunması ilə həll ediləcək”.
 
 

Tibbi ekspert Aydın Əliyev onkoloji xəstələrlə bağlı müalicə metodlarının, dərman vasitələrinin icbari tibbi sığortaya salınmadığını təəssüf etdiyini bildirib:

"Bu, bizim neçə illərdir arzumuzdur. Bununla bağlı təkliflər də vermişik. Tibbin müxtəlif sahələrində çalışanların, o cümlədən onkoloqların arzusudur ki, onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta xidmətlər zərfinə daxil edilsin. Ancaq təəssüflər olsun ki, bu xidmətlər indiyə kimi zərfə daxil edilməyib. Bir balaca dəyişiklik olunmuşdu ki, onkoloji xəstələrin ilkin mərhələsində müayinəsi sığorta zərfinə daxil edilib. Ancaq onlara göstərilən onkoloji xidmət təəssüf ki, dövlət proqramına aiddir”.

Aydın Əliyev onkoloji xəstəliklərin müallicəsinin çox baha olduğunu diqqətə çatdırıb:

"Bu müalicələr həm də uzun illər davam edir. Xəstələr var ki, bankdan kredit, yaxud da "sələmə” pul götürür. Bu bəladan azad olmaq üçün əmlaklarını satanlar da var.  Qohumlardan borc alanlar da az deyil, hətta bildiyimizə görə, evini satıb müalicəyə xərcləyən xəstələr haqda da eşitmişik. Deyirlər e, filankəs evini satıb müalicəsində verdi. Onlar acı tarixçələrdir. Ona görə də bu dərmanların icbari tibbi sığorta xidmətlər zərfinə daxil edilməsi çox vacibdir ki, xəstələr bundan yararlansın. Çox təəssüf edirəm ki, bu məsələ yenə də kənarda qaldı. Halbuki biz bunun bu il zərfə daxil ediləcəyinə ümid edirdik”.

Aydın Əliyev tibbi, səhiyyəni idarə edən qurumlara müraciət edib:

"Təsəvvür edin ki, yaxınlarınız belə problemlə üz-üzədir. Maddi imkanlarınız da bu xəstələr kimi həmin dərmanları almağa yetərli deyil. Özünüzü bu xəstələrin yerinə qoyun. Görün onlar nə əziyyət çəkir. Xahiş deyirsiniz xahiş edək, tələb deyirsiniz tələb edək, nə istəyirsiniz onu edək ki, onkoloji xəstələr icbari tibbi sığorta zərfinə salınsın”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->