Yeni bir tədqiqat göstərir ki, insanlar dənizlərin dərinlikləri haqqında olduqca az məlumata malikdir. Belə ki, bu günə qədər müşahidə edilən dərin dəniz dibinin sahəsi cəmi 0,001%-dir və bu, təxminən Rod-Aylend ştatının ölçüsünə bərabərdir.
Qaynarinfo xəbər verir ki, "TIME" nəşrinin yazdığına görə, dərin dəniz anlayışı okeanın 200 metr dərinliyindən aşağı hissəsinə aiddir - bura artıq işıq çatmır. Yer kürəsinin dəniz mühitinin 90%-dən çoxunu təşkil etməsinə baxmayaraq, dərin dəniz ekosistemlərinin böyük hissəsi hələ də tədqiqatçılar üçün qaranlıq olaraq qalır.
Bu sahə, insanların fəaliyyəti nəticəsində atmosferə buraxılan artıq istinin 90%-ni və karbon qazının 30%-ni udaraq iqlim tarazlığını qorumaqda mühüm rol oynayır. "Ocean Discovery League" təşkilatının rəhbəri, "National Geographic Explorer" mütəxəssisi və tədqiqatın baş müəllifi Keti Kroff Bell bildirib:
"Əgər bu istinin və karbon qazının hamısı atmosferdə qalsaydı, Yer üzündə həyat demək olar ki, mümkün olmazdı".
Tədqiqatın diqqət çəkdiyi mühüm məqamlardan biri də odur ki, bu günə qədər araşdırılan sahələr çox məhduddur və əsasən ABŞ, Yaponiya və Yeni Zelandiya ətrafında cəmlənib. Belə ki, vizual müşahidələrin 65%-dən çoxu bu üç ölkənin 370 kilometr radiusunda aparılıb. Bell bu barədə deyib:
"Bu, sanki bütün quru ekosistemləri haqqında fikirlərimizi yalnız Hyuston şəhərinin ölçüsündə – yer səthinin 0,001%-i qədər bir əraziyə əsasən formalaşdırırıq".
Tədqiqatçılar bu nəticəyə 1958-ci ildən bəri həyata keçirilmiş təxminən 44 min dərin dəniz tədqiqatı məlumatlarını təhlil edərək gəliblər. Həmin 0,001%-lik göstəriciyə həmçinin paylaşılmayan özəl müşahidə qeydləri də daxildir.
Mütəxəssislər bu sahə haqqında məlumatsızlığın dərin dənizdə faydalı qazıntıların hasilatını çox riskli etdiyini bildirirlər. Bu səbəbdən 32 ölkə bu praktikanın dayandırılmasını tələb edir. Bell ümid edir ki, onların işi bu fəaliyyətə başlamazdan öncə əlavə araşdırmaların vacibliyini nümayiş etdirəcək:
"Biz dərin dənizə hansı təsiri göstərəcəyimizi və bu ekosistemin bərpa olunub-olunmayacağını bilməliyik. Bu, hələ cavabı tapılmamış böyük bir sualdır. Ən son istədiyimiz şey, dərin okeana bərpası mümkün olmayan zərər vurmaqdır. Məhz buna görə də bizə bu sahə ilə bağlı əsas məlumatlar lazımdır".
Aydın
Şərhlər