Təxminən 400 metr hündürlüyündəki Serro El Kono adlı qeyri-adi yüksəklik, təbii mənşəli geoloji quruluşmu, yoxsa unudulmuş bir sivilizasiyanın izi olan nəhəng qədim tikilidirmi? Bu suala hələ də tam cavab tapılmayıb.
Qaynarinfo xəbər verir ki, Peru ərazisindəki Sierra del Divisor Milli Parkında, Amazon meşələrinin dərinliklərində yerləşən bu dağ həm fiziki görünüşü, həm də ətrafındakı sirli hekayələrlə diqqət mərkəzində qalır.
Ualyaqa çayı yaxınlığında yerləşən Serro El Kono demək olar ki, mükəmməl piramida formasına malik olması ilə, təkcə yerli xalqların deyil, eyni zamanda alimlərin də maraq dairəsindədir. Dağın dik yamacları və simmetrik xətləri, sıx bitki örtüyü ilə örtülməsinə baxmayaraq, onun qədim dövrlərə aid nəhəng bir tikili ola biləcəyi ehtimalını gündəmdə saxlayır.
Elm nə deyir?
Elm dünyasında üstünlük təşkil edən fikir, Serro El Kononun vulkanik mənşəli təbii geoloji quruluş olduğudur. Alimlər onun volkanik konus, vulkanik tıxac və ya maqmatik süxur olduğunu ehtimal edir. Bu cür formalaşmalar lava və digər vulkanik materialların qat-qat yığılması və ya ətrafdakı yumşaq materialların eroziyaya uğraması ilə əmələ gəlir. Nəticədə sərt süxurlar geridə qalaraq belə kəskin və müntəzəm formalı təpələr yaradır və bəzən insan əli ilə hazırlanmış kimi görünə bilir.
Buna baxmayaraq, bu elmi izahlar Serro El Kono ətrafındakı sirri tam aradan qaldırmır. Xüsusilə də dağın formasının qeyri-adi dərəcədə düz olması, arxeoloji baxımdan da bir sıra suallar doğurur.
Yerli xalqların inancı: müqəddəs ruhun evi
Yerli icmalar üçün Serro El Kono sadəcə bir dağ deyil, mənəvi bir varlığın evidir. Yerli qəbilələr bu zirvəni "And dağlarının ruhu" - "Andean Apu" adlandırır və onu təbiəti qoruyan güclü bir ruhun yaşadığı yer kimi qəbul edirlər. Bu inanc sistemi, İnkadan öncəki dövrlərə gedib çıxan və dağların canlı varlıq kimi qəbul edildiyi qədim bir kosmologiyaya əsaslanır.
Bu mədəni kontekst Serro El Kononun yalnız coğrafi deyil, həm də ruhani və ictimai əhəmiyyətə malik olduğunu göstərir. Bu səbəbdən, yerli əhali üçün bu dağ elmi araşdırmaların fövqündə duran, qorunmalı müqəddəs bir ərazidir.
İtmiş sivilizasiya hipotezi
Bəzi yerli əfsanələr isə Serro El Kononun, Amazonun dərinliklərində bir zamanlar mövcud olmuş və bu gün izi qalmayan bir qədim sivilizasiya tərəfindən tikilmiş nəhəng piramida ola biləcəyini iddia edir. Əgər bu fərziyyə doğru olarsa, 400 metr hündürlüyündəki Serro El Kono tarixdə məlum olan ən böyük qədim tikili statusunu qazana bilər.
Müqayisə üçün qeyd edək ki, Misirdəki Böyük Giza Piramidası təxminən 145 metr hündürlükdədir. Bu halda Serro El Kono bu məşhur piramidadan üç qat daha hündürdür və insanlıq tarixində tikili miqyası baxımından yenidən dəyərləndirməyə ehtiyac yarada bilər.
Oxşar quruluşlar dünyada mövcuddur
Serro El Kono kimi piramida formasına malik təbii və ya insan mənşəli olduğu mübahisəli olan strukturlar dünyanın başqa yerlərində də rast gəlinir. Məsələn, İndoneziyadakı Qununq Padanq təpəsi və Yaponiyanın Ryukyu adaları yaxınlığında, sualtında yerləşən "Yonaguni Anıtı", mənşəyi hələ də müzakirə edilən digər nümunələrdir.
Bu cür formalaşmalar təbiət ilə insan fəaliyyətinin izləri arasındakı sərhədlərin bəzən necə bulanıq olduğunu göstərir və "təbiidir" deyə qəbul etdiyimiz hər şeyin göründüyü qədər sadə olmadığını xatırladır.
Serro El Kono ilə bağlı araşdırmalar, bu dağın böyük ehtimalla təbii yolla yaranmış bir geoloji struktur olduğunu təsdiqləyir. Ancaq bu fakt onun təsir gücünü azaltmır. Amazonun içərisindən iti şəkildə yüksələn və 400 kilometr məsafədən görünə bildiyi deyilən bu zirvə, istər geoloji bir möcüzə, istərsə də qədim zamanlardan qalan yadigar olsun, sadə bir dağdan çox daha artıq məna daşıyır.
Serro El Kono təbiət və insan hekayələri arasındakı incə sərhəddə dayanan, həm elmi, həm də mədəni baxımdan araşdırılmağı gözləyən unikal bir fenomendir.
Aydın
Şərhlər