"Kaggle AI Exhibition Tournament" şahmat çempionatının finalında "OpenAI"ın "o3” modeli xAI-ın "Grok 4” modelini 4:0 hesabı ilə məğlub edərək qalib gəlib.
Qaynarinfo xəbər verir ki, iki keçmiş ortaq arasındakı rəqabət texnologiya dünyasında olduğu kimi şahmatda da diqqət çəkib.
Süni zəka sahəsində tanınmış iki şəxs – İlon Mask və Sem Altman – bu dəfə şahmat taxtasında qarşılaşıb. "OpenAI" tərəfindən hazırlanan "o3” modeli, finaldan əvvəl "Anthropic", "DeepSeek", "Google" və "Moonshot AI" kimi güclü rəqibləri arxada qoyub. "Grok 4” də eyni uğuru göstərsə də, finalda fərqli mənzərə yaranıb.
Bu görüş təkcə texniki bacarıqların yoxlanılması deyildi. Onun fonunda şəxsi münasibətlərin tarixi dayanırdı. Mask və Altman təxminən on il əvvəl "OpenAI"ı birlikdə qurmuş, lakin Mask sonradan öz şirkəti xAI-ı yaratmaq üçün ayrılmışdı. Zamanla münasibətlər gərginləşmiş, hətta Altman, Maskın ChatGPT-ni alma cəhdi uğursuz olanda onu "zorakılıq" adlandırmışdı. Finaldan sonra Mask sosial şəbəkədə "xAI şahmat üçün demək olar ki, heç səy göstərmədi" şərhini yazıb.
Şahmatda süni zəkanın üstünlüyü yeni anlayış deyil. 1997-ci ildə IBM-in "Deep Blue” superkompüteri dünya çempionu Qarri Kasparovu məğlub edərək tarixə düşmüşdü. Sonrakı illərdə "Google"un "DeepMind” komandası şahmat və "Go” kimi mürəkkəb oyunlarda insanı geridə qoyan proqramlar hazırladı. Lakin bu turniri fərqləndirən cəhət, 2022-ci ildə ChatGPT-nin təqdimatından sonra məşhurlaşan böyük dil modellərinin ilk dəfə bu miqyasda şahmatda sınanması olub.
Turnirin təşkilatçılarından Mats Andre Kristiansen bildirib: "90-cı illərdə Kasparov-"Deep Blue" qarşılaşması necə əhəmiyyətli idisə, bu turnir də o qədər önəmlidir. Əsas məsələ bu sistemlərin necə düşündüyünü və məntiq yürütməsini anlamaqdır".
Finalı izləyənlər arasında şahmatın əfsanəvi siması Maqnus Karlsen də olub. O, ötən il onlayn oyunda ChatGPT-ni heç bir fiqur itirmədən məğlub etmişdi. Karlsen "Grok”un şahmat reytinqini təxminən 800, "o3”ün isə 1.200 civarında qiymətləndirib. Müqayisə üçün, Karlsenin ən yüksək reytinqi 2.882-dir.
Aydın
Şərhlər