"OpenAI" ChatGPT platformasının mart ayında həftəlik 500 milyon olan aktiv istifadəçi sayının bu ay 700 milyona çatacağını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, illik müqayisədə süni intellekt əsaslı söhbət botunun istifadəçi sayı həm pulsuz proqramda, həm də Plus, Pro, Enterprise, Team və Edu abunə paketlərində dörd dəfə artıb.
Bu arada, ChatGPT-yə gündəlik müraciətlərin sayı 3 milyardı keçib və artım tempi ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çoxdur. OpenAI məhsullarına cavabdeh vitse-prezident Nik Terley bildirib ki, Hər gün fərdlər və qruplar daha çətin problemləri öyrənir, yaradır və həll edir.
Biznes dünyasından 5 milyon üzv
"OpenAI"dan bildirilib ki, süni intellektin getdikcə daha çox müəssisə və təhsil mühitinə inteqrasiya olunması nəticəsində iyun ayında 3 milyon olan biznes istifadəçisi sayı 5 milyona yüksəlib.
Bu sürətli" artıma baxmayaraq, ChatGPT hələlik "Google"un süni intellektlə işləyən axtarış mühərriki "AI Overviews"un istifadəçi rəqəmlərinə çata bilməyib. "Alphabet şirkətinin baş direktoru Sundar Pichai-yə görə, AI Overviews hazırda dünyada aylıq 2 milyard istifadəçiyə malikdir. Google-un chatbot-u olan Gemini tətbiqinin isə aylıq 450 milyondan çox aktiv istifadəçisi var.
"Böyük kapitala ehtiyac olacaq"
"OpenAI"nin bu mühüm mərhələyə çatması Dragoneer Investment Group, Andreessen Horowitz, Sequoia Capital, Coatue Management və Altimeter Capital kimi aparıcı sərmayə qruplarından 8,3 milyard dollarlıq maliyyə dəstəyi əldə etməsinin ardınca baş verib.
Hazırda "OpenAI"nin illik gəliri 13 milyard dollara çatıb və ilin sonuna qədər bu rəqəmin 20 milyard dolları keçəcəyi gözlənilir. Lakin CNBC-nin məlumatına görə, 300 milyard dollarlıq dəyərləndirmə və 20 milyard dollarlıq illik gəlirə baxmayaraq, "OpenAI"nin beynəlxalq miqyasda genişlənməsini dəstəkləmək üçün böyük həcmdə kapitala ehtiyacı olacaq.
Günay
Şərhlər