ABŞ-ın keçmiş dövlət katibi Antoni Blinken Avropa liderlərini Donald Trampın rəhbərlik etdiyi administrasiyaya qarşı qətiyyət göstərməyə səsləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, "Times Radio"ya
müsahibəsində danışıb.
Blinkenin sözlərinə görə, ABŞ və Avropa arasında əsas fikir ayrılıqları Ukraynadakı müharibənin həlli məsələsindədir. O bildirib ki, Avropa Birləşmiş Ştatlara inamını sürətlə itirir.
Keçmiş dövlət katibi hesab edir ki, Tramp yalnız güclü liderlərə hörmətlə yanaşır. Onun fikrincə, Trampın "güclü lider" kimi gördüyü şəxslər sırasında Rusiya prezidenti Vladimir Putin, Çin lideri Si Szinpin, Hindistanın baş naziri Narendra Modi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman var.
"Ədalət naminə deyim ki, Tramp Avropaya baxanda gücsüz, birləşməmiş, zəif oyunçu olan bir qitə görür. Ona görə də düşünürəm ki, Avropanın qarşısında duran əsas vəzifə daha çox həmrəylik, birlik və ortaq məqsəd nümayiş etdirməkdir. Bu halda Avropa daha ciddi qəbul edilə bilər", deyə Blinken qeyd edib.
Blinken onu da vurğulayıb ki, Tramp prezident seçilməzdən öncə Ukrayna münaqişəsini 24 saat ərzində həll edəcəyini vəd etmişdi, lakin artıq 120 gün keçməsinə baxmayaraq, bu baş verməyib. Onun fikrincə, Tramp Ukraynadakı müharibəni bitirmək istəyir, lakin Kiyevə həddindən artıq təzyiq göstərir və eyni zamanda Putinə və Rusiyaya qarşı kifayət qədər təzyiq göstərmir.
ABŞ-ın sabiq dövlət katibi əlavə edib ki, Trampın yenidən hakimiyyətə gəlməsi ilə bir sıra Avropa müttəfiqləri Vaşinqtonla kəşfiyyat məlumatlarının mübadiləsində ehtiyat etməyə başlayıblar. Blinken bunu Tramp administrasiyasında aparıcı fiqurların Putinə rəğbət bəsləməsi və məlumat sızmaları ilə əlaqələndirib.
"Bu, narahatlıq doğurmaya bilməz", deyə o bildirib.
Aydın
Şərhlər