Bibisinin evindən oğruluq edən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, oğurluq hadisəsi Şəmkir rayonunun Seyfəli kəndində baş verib.
Ramil Kənanlı (şərti) bibisi və onun həyat yoldaşının rayon bazarına meyvə satmağa getdiklərindən xəbər tutaraq onların Seyfəli kəndindəki evinə gəlib. O, hasarı aşaraq həyətə daxil olub. Daha sonra evin qapısını açar seçmə üsulu ilə açaraq içəri daxil olub.
Ramil Kənanlı evdən 113 manat təşkil edən 50 qəpiklər və 11 887 manat oğurlayıb.
Onun bibisi və həyat yoldaşı evə gəldikdən sonra oğurluq baş verdiyindən şübhələnib Daxili İşlər Nazirliyinin "102 xidməti”nə məlumat veriblər. Polis dərhal hərəkətə keçib və hadisəni törətməkdə şübhəli bilinən Ramil Kənanlı saxlanılıb. O, ilkin ifadəsində əməlini etiraf edib.
Ramil Kənanlıya Cinayət Məcəlləsinin 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Ramil Kənanlı verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanılıdğı 3 ay müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər