"Əvvəllər cehiz ailələr arasında həm iqtisadi, həm də sosial kapitalın paylaşımını təmin edən bir alət idi. Onun mahiyyəti – yeni qurulan ailəyə yaşlı nəslin dəstəyini ifadə etmək idi. Ancaq bu gün – istehlak mədəniyyəti və daimi müqayisə psixozunun hökm sürdüyü bir dövrdə – bu ənənə daha çox "kim kimdən daha çox əldə edə bilər” tipli bir yarışına çevrilib. Oğlan tərəfi cehiz vasitəsilə mümkün qədər çox əşya əldə etməyə çalışır, qız tərəfi isə minimal xərclə maksimal "hörmət” qazanmaq istəyir".
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Yusif Nəbiyev evlilik ərəfəsində qızla oğlan evi arasında münaqişəyə səbəb olan cehiz qalmaqallarından danışarkən deyib.
Sosiloq bunu ailələr arasında "yarış” adlandırıb:
"Bu "yarış" isə bizi başqa bir sosial problemə aparır. Belə ki, ailələr gücləri çatmayan səviyyədə cehiz təqdim etmək üçün borca, kreditə girməyə başlayırlar. Valideynlər övladlarını başqalarının yanında "utandırmamaq" üçün öz maliyyə sabitliklərini riskə atırlar”.
Sosioloq hesab edir ki, bunu doğuran əsas mexanizmlər kollektiv gözləntilərdir:
"Cəmiyyətin yaratdığı "hörmətli” və "layiqli” cehiz gözləntiləri, ailələri öz real imkanlarını yox, ictimai fikri əsas götürməyə məcbur edir. Beləliklə, bir çox valideyn ya borca girir, ya da illər ərzində zəhmətlə yığdıqları bütün vəsaiti bir anda, sadəcə, görüntü xətrinə xərcləyirlər”.
Yusif Nəbiyevin fikirincə, bu problemi həll etmək üçün ilk növbədə normativ çərçivənin yenilənməsi lazımdır:
"Maarifləndirmə yoluyla cəmiyyətə anlatmaq lazımdır ki, qurulan ailənin gələcək təhlükəsizliyi və dayanıqlılığı alınan əşyalarla yox, qurulan münasibətin keyfiyyəti ilə ölçülür. Medianın, dini liderlərin və nüfuzlu şəxslərin də iştirakı ilə ictimai rəyin tədricən dəyişməsinə çalışılmalıdır. Digər tərəfdən, sadələşdirilmiş və məntiqli cehiz siyahıları, hətta, bəzi dövlət qurumlarının və ya QHT-lərin iştirakı və ya müəllifliyi ilə hazırlanaraq nümunə kimi təqdim oluna bilər. Bu, ən azından, insanlar üçün real müqayisə meyarına çevrilə bilər. Bununla isə ailələr öz imkanları çərçivəsində qərar verməyə başlayar, "camaat nə deyər?” qorxusunun qərarlarına təsir etməsinə imkan verməzlər”.
Yusif Nəbiyev bu problemin həlli ilə bağlı təklif edib ki, maarifləndirmə, ictimai təzyiqin istiqamətini dəyişmək, ailə münasibətlərinin psixoloji əsaslarını gücləndirmək bu yolda atılacaq əsas addımlardandır.
Bahar Rüstəmli
Şərhlər