Bakıda fəaliyyət göstərən "Qələbə 44" mağazasında oğurluq baş verib.
Qaynarinfo xəbər verir ki, mağazadan müxtəlif siqaretlər və 485 manat nağd pul oğurlanıb. Mağaza sahibinə ümumilikdə 1885 manat ziyan vurulub.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan Nadir Quliyevə (ad və soyad şərtidir-red) Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğruluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.
İbtidai istintaq bitdikdən sonra iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə Nadir Quliyev özünü verilmiş ittiham üzrə təqsirli bilib. O, qeyd edib ki, hadisə baş verən gün spirtli içki qəbul edib və özünü idarə edə bilməyəcək dərəcədə sərxoş olub. Müttəhim əməlindən peşman olduğunu deyərək məhkəmədən ona yüngül cəza verməsini xahiş edib.
Hakim İlham Cəfərzadənin çıxardığı hökmə əsasən Nadir Quliyevə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun həbsdə saxlanıldığı 4 gün müddət verilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Seyid
Şərhlər